Oğuzda keçirilən seminarda Azərbaycan sufiliyinin geneologiyası təqdim olunub. Bu barədə Modern.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, DQİDK və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük seminar-treninq çərçivəsində artıq bir neçə məruzələr dinlənilib.
Bakı İslam Universitetinin (BİU) Zaqatala şöbəsinin müəllimi Əhməd Niyazov seminar iştirakçılarına Azərbaycan sufiliyinin yaranması, tarixi və geneologiyası haqqında söz açıb, bu cərəyanın ümumilikdə Qafqaz regionunun mənəvi inkişafındakı rolunu vurğulayıb, onun formalaşmasında İmam Cəfər Sadiqin (ə) müstəsna xidmətlərini qeyd edib. O, Şimali Qafqazda müridilik hərəkatı haqqında maraqlı faktları da toplaşanların diqqətinə çatdırıb. Ə.Niyazov bildirib ki, tarixin bütün mərhələlərində Azərbaycan din sahəsində yaranan tələbatını daxili resurslar müqabilində nəinki tamamilə təmin edib, hətta digər ölkələrdə ictimai fikirin və dini ənənələrin formalaşmasına, təsisatların qurulmasına töhfələr verib. Eyni zamanda məruzəçi təəssüflə qeyd edib ki, bütün bunlara baxmayaraq, hazırda əks proseslər müşahidə edilir: Şimali Qafqazda baş qaldıran və vüsət alan radikallıq Azərbaycana sirayət edir, İslamın saflığına və aliliyinə zərbə vuran, ləkə salan bu ideyaların daşıyıcıları məmləkətimizdə söz sahiblərinə çevrilirlər. Ə.Niyazov bu kimi tendensiyaların qarşısının alınmasının zəruriliyini xüsusi ilə vurğulayıb.