Avropa Şurası Parlament Assambleyasının Gürcüstanda keçirilən parlament seçkilərini müşahidə missiyasının üzvü, millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva Tiflisdə müşahidə missiyası üzvlərinin seçkilərdə iştirak edən blok və partiya liderləri ilə görüşləri çərçivəsində “Gürcü arzusu” seçki blokunun lideri Bidzina İvanişvili ilə görüşüb.
Qənirə Paşayevanın Gürcüstanda yaşayan, Gürcüstan vətəndaşı olan azərbaycanlılarla bağlı Bidzina İvanişvilinin hansı mövqe tutacağı ilə bağlı sualının cavabında gürcü milyarder bildirib ki, o, azərbaycanlıları çox sevir və onun adından yayılan bir sıra informasiya və acıqlamalar yalandır və həqiqəti əks etdirmir.
Azərbaycan və gürcü xalqlarının bir-birinə çox yaxın olduğunu, iki xalqı mehriban dostluq əlaqələrinin birləşdirdiyini deyən vurğulayan Bidzina İvanişvilinin “biz öz işimizlə Gürcüstan azərbaycanlılarına və Azərbaycana necə yüksək münasibət bəslədiyimizi göstərəcəyik” deyib.
“Dəfələrlə demişəm və indi də bəyan edirəm ki, Gürcüstan azərbaycanlılarının vətəndə özlərini tamhüquqlu vətəndaş kimi hiss etmələri, bu ölkənin onların əsl vətənlərinə çevrilməsi üçün əlimdən gələni edəcəyəm” deyən Bidzina İvanişvili etnik azərbaycanlıların cəmiyyətə daha sıx inteqrasiya olunması üçün əllərindən gələni edəcəklərini deyib.
“Biz onlarla vədlər vermişik. Qoy onlar əmin olsunlar ki, verdiyimiz bütün vədləri yerinə yetirəcəyik. Onlar öz ölkələrinin idarə olunmasında maksimum iştirak edəcək, hökumətin yuxarı eşalonlarında təmsil olunacaqlar”.
Bidzina İvanişvili Qənirə Paşayeva ilə söhbətində Azərbaycanla münasibətlərin inkişafına da toxunub. Azərbaycanın Gürcüstanla yaxın dost münasibətini vurğulayan İvanişvili Azərbaycana münasibətlərinin köklərindən də danışıb.
“Mənim Heydər Əliyevə böyük hörmətim vardı, onunla yaxşı münasibətlərimiz, görüşlərimiz olub. Fəxr edirəm ki, Heydər Əliyev qonağım olmuşdu. Təəssüf edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevlə görüşməmişik. Mən inanıram ki, biz real dost olacağıq və xalqlarımızın dostluq əlaqələri daha da möhkəmlənəcək”.
Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Q.Paşayeva deyib ki, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar.
Gürcü arzusu” seçki blokunun lideri Bidzina İvanişvili isə deyib ki, onlar Azərbaycanla Gürcüstan arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səylə çalışacaqlar.
Modern.az