Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Dövlət başçısı Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmadığını vurğulayıb, bundan sonra da belə halın yaşanmayacağına əminliyini qeyd edib.
Bir sıra digər məqamlara toxunan dövlət başçısı deyib ki, Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir.
“Ölkələr var ki, zəngin təbii resurslara malikdir. Ancaq intellektual səviyyə aşağı olduğu üçün o ölkələr dayanıqlı inkişafa nail ola bilməzlər. Ona görə biz Azərbaycanda təbii resurslarımızı, ilk növbədə, intellektual potensiala çevirmək üçün proqramlar tərtib etmişik və vaxtilə bəyan etdiyimiz prinsip – “qara qızılı insan kapitalına çevirmək” prinsipi bu gün artıq işləyir”.
Prezident deyib ki, Azərbaycanda internet tam azaddır və internet istifadəçilərinin sayı artıq 65 faizə çatıb.
Siyasətçilərin məsuliyyəti haqqında danışan İlham Əliyev deyib ki, dünyada gedən ağrılı, narahatlıq doğuran proseslərin təməlində siyasətçilərin məsuliyyətsizliyi dayanır.
“Bu məsuliyyətsizlik müxtəlif formalarda özünü büruzə verir. Bəzi siyasətçilərin təxribat xarakterli bəyanatlarının o qədər də yüksək savadı olmayan insanları hansısa aqressiv yollara təhrik etməsi halları artıq müşahidə olunur. Digər tərəfdən, siyasətçilərin qeyri-real vədləri, populist çıxışları və real iqtisadi əsaslara söykənməyən sosial təşəbbüslər cəmiyyətlərdə haqlı narazılığa səbəb olur. Maliyyə və iqtisadi böhranın yəqin ki, əsas səbəblərindən biri də məhz budur. Qeyri-real vədlərin verilməsi, populist vədlər və ifrat dərəcədə borclanma meyilləri əslində maliyyə və iqtisadi böhranı şərtləndirən amillərdən biridir.
Humanitar sahədə də siyasətçilərin məsuliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki internet dövründə, qloballaşan dünyada dünyanın istənilən yerində deyilən hər bir söz dərhal əks-səda doğurur. Ona görə, siyasətçilər daha da məsuliyyətli olmalı, bu məsuliyyəti dərk etməlidirlər. Belə olan halda dünyada gərginliyin hərarəti kəskin şəkildə aşağı düşəcəkdir”.
Prezident bildirib ki, Azərbaycan artıq 20 ildir ki, humanitar fəlakətlə üzləşib. İyirmi ildir ki, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalının altındadır.
İlham Əliyev deyib ki, ermənilər anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlardakı status-kvo daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək, Azərbaycan istəyir ki, bu, tezliklə olsun, sülh yolu ilə olsun.
“Çünki biz bölgə çərçivəsində artıq sabitləşdirici rolunu oynamağa başlamışıq və əlbəttə çalışırıq ki, bölgədə sabitlik pozulmasın. Amma digər tərəfdən, bu işğalla da barışmaq mümkün deyildir.
Ona görə hesab edirəm ki, münaqişənin həllinin vaxtı çatıbdır. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər”.
İlham Əliyev deyib ki, Azərbaycan son bir neçə il ərzində dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə olub. Son 7-8 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb. Yoxsulluq səviyyəsində yaşayanların sayı 49 faizdən 7 faizə düşüb. Azərbaycanda işsizlər 5,4 faizdir.
“Bizim tərəfimizdən irəli sürülmüş enerji və nəqliyyat layihələri nəinki Azərbaycan və bölgə üçün, Avropa üçün böyük əhəmiyyət daşıyır. Yəni, biz gələcəyimizi indidən proqnozlaşdıra bilərik və görə bilərik ki, 5 ildən, 10 ildən sonra Azərbaycan necə inkişaf edəcəkdir. Mən bütün bu islahatları aparan bir şəxs kimi heç bir çətinlik görmürəm. Mən əminəm ki, iqtisadi sahədə inkişaf dayanıqlı və sürətli olacaqdır”.
Modern.az