ABŞ-da casusluğa görə saxlanılan şəxslərin arasında Azərbaycan vətəndaşının olduğu barədə iddialara Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern. az saytına deyib ki, bu xəbərlərin yayılması əsassızdır:
“Nə bilirsiniz ki, onlar arasında Azərbaycan vətəndaşı var? Nə üçün belə xəbərlər yayılır? Onların vətəndaşlığı, onlar haqqında məlumat tərəfimizdən öyrənilir. Hələki bu qədər deyə bilərəm”-deyə E.Abdullayev qeyd edib. Qeyd edək ki, Rusiyanın ABŞ-ın Hyuston şəhəriakı baş konsulu Aleksandr Zaxarov “İnterfaks”a bildirib ki, casusluğa görə saxlanılan 8 nəfərdən 4-ü Rusiya vətəndaşı, qalan 4-ü isə (Şövkət Abdullayev, Lyudmila Baqdikyan, Sevinc Tağıyeva, Svetlana Zaqon) Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır.
Onlar ABŞ-dan Rusiyaya mikroelektronikanın qanunsuz daşınmasında ittiham olunurlar və oktyabrın 2-də Hyustonda saxlanılıblar. Onlara qarşı cinayət sövdələşməsi və ümumi məbləği 50 mln. dollara yaxın yüksək texnoloji avadanlığın lisenziyasız ABŞ-ın hüdudlarından kənara çıxarılmasını qadağan edən qanunun pozulması ilə bağlı ittiham irəli sürülüb. Daşınan avadanlıq yeni MİQ-35 hərbi təyyarələri və yeni sualtı qayıqlar üçün nəzərdə tutulub. Amerikalı müstəntiqlər üç il həmin şəxslərin elektron yazışmalarını izləyiblər və telefon danışıqlarını dinləyiblər.
Nihadə Eyyubova