Gürcüstanda müxalifətin hakimiyyətə gəlməsindən dərhal sonra Müsavat Partiyası qurultayının bu ölkədə keçirmək məsələsini yenidən gündəmə gətirib. Bu barədə Modern.az saytına məlumat verən başqan müavini Gülağa Aslanlı bildirib ki, Müsavatın qurultayla bağlı yaxın günlərdə mühüm addımlar atacağı gözlənilir.
Müsavat rəsmisi partiya qurultayının Gürcüstanda keçirilməsi ilə bağlı məsələnin yenidən müzakirəyə çıxarıla biləcəyini bildirib.
“Qurultayla bağlı hələlik hər hansı bir yenilik yoxdur. Biz Bakı şəhər İcra Hakimiyyətindən cavab gözləyirik. İstərdik ki, qurultay keçirmək üçün bizə Əl Oyunları Sarayını və yaxud da 800-1000 nəfərlik normal şəraiti olan zal versinlər. Hesab edirəm ki, qurultayın Gürcüstanda keçirilməsi yenidən aktual ola bilər. Gürcüstanda bizim müttəfiqlərimiz artıq hakimiyyətə gəliblər. Hər şey ola bilər. Biz qurultay keçirmək üçün qanunla icazə verilən istənilən variantla razılaşa bilərik. Yəqin ki, qurultay məsələsi partiyada müzakirə olunacaq”, - deyə G.Aslanlı vurğulayıb.
Anar RÜSTƏMOV