Modern.az

Müsavat Divanın toplantısı keçirilib

Müsavat Divanın toplantısı keçirilib

8 Oktyabr 2012, 18:54

Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Divanın müzakirə mövzularından biri oktyabrın 1-də Gürcüstan parlamentinə keçirilən seçkilər və Müsavat Partiyası üzvlərinindən ibarət müşahidə qrupunun bu seçkilərdə fəaliyyəti olub.

Nümayəndə heyətinə rəhbərlik edən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və nümayəndə heyətinin digər üzvləri müşahidə qrupunun işi və seçki prosesi barədə ətraflı məlumat verib. Müsavat Partiyasının başqanı İsa Qəmbər seçkilərdən sonra partiyanın müttəfiqi olan Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvilidən müşahidə missiyasının fəaliyyətinə görə təşəkkür məktubu aldığını, həmçinin David Usupaşvilinin qalib  “Gürcü arzusu” koalisiyası tərəfindən Gürcüstan parlamentinin sədri vəzifəsinə təqdim edildiyini qeyd edib.

Divan Arif Hacılı başda olmaqla müşahidə qrupunun Gürcüstandakı seçkilər zamanı fəaliyyətini yüksək qiymətləndirərək təşəkkür elan edib. İclasda Gürcüstanda keçirilən seçkilərin demokratikliyi və nəticələrinin Cənubi Qafqazda gedən proseslərə mümkün təsiri müzakirə edilib. Divan gürcüstanlı soydaşlarımızın problemləri ilə bağlı məsələlərin sistemli şəkildə araşdırılması və sənəd layihəsinin hazırlanmasını Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya həvalə edib.    

Partiyadaxili məsələlərin müzakirəsi zamanı zona müşavirələri mövzusu müzakirə olunub.  Divan  bölgələrdə zona müşavirələrinin davam etdirilməsini məqsədəuyğun  sayıb.
Divan Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu və hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Taleh Xasməmmədovun  işi ilə bağlı prosesləri yaxından izlədiyini bildirib.

Divan Müsavat Partiyasının Naxçıvan təşkilatının fəalı Əfqan Məmmədovun qanunsuz olaraq işdən çıxarılmasını pisləyib. Ə.Məmmədovun İctimai Palatanın Naxçıvan MR təşkilatının formalaşmasında fəallıq göstərdiyini qeyd edən Divan onun işdən azad edilməsinin siyasi fəaliyyəti ilə bağlılığı qənaətində olduğunu bəyan edib.     
Müsavat Divanı oktyabrın 20-si saat 11:00-da partiyanın Məclisinin növbəti sessiyasının çağırılmasına dair qərar qəbul edib.

Divan İctimai Palatanın 13 oktyabrda keçirilməsi nəzərdə tutulan yürüş qərarının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıb və təşkilat strukturlarına bu istiqamətdə tapşırıqlar verib.  İctimai - siyasi duruma dair müzakirələrdə mandat alveri ilə bağlı yayılan ikinci video barəsində də fikir mübadiləsi aparılıb. Bildirilib ki, ikinci videonun ortaya çıxması bir daha təsdiq edir ki, bu məsələdə söhbət dələduzluqdan yox, parlamentin Prezident Aparatının təyinatı ilə formalaşdırılmasından gedir. Bu da Müsavat Partiyasının, eləcə də digər demokratik qüvvələrin parlamentin buraxılması və yeni seçkilərin  keçirilməsinə dair tələblərinin aktuallığını  təsdiq edir.

Daha bir müzakirə mövzusu AŞPA-nın son sessiyası ilə bağlı olub. Divan bildirib ki, Azərbaycan rəsmi nümayəndə heyətinin səylərinə baxmayaraq, AŞPA-nın sessiyasında siyasi məhbuslarla bağlı meyarların təsdiqlənməsi Avropanın siyasi iradəsinin nümayişini göstərir.         

İclasda qeyd edilib ki, videoqalmaqalı, Gürcüstanda demokratik seçki nümunəsi və AŞPA-nın son qərarları Azərbaycan hakimiyyətini ciddi düşünməyə və məsuliyyətli qərarlara yönəltməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal