Modern.az

Nazir müavini: “Bəzi jurnalistlər idmançıların qüruruna toxunurlar”

Nazir müavini: “Bəzi jurnalistlər idmançıların qüruruna toxunurlar”

Təhsil

10 Oktyabr 2012, 17:33

Bu gün “İdman” qəzetinin 80 illiyi münasibətilə konfrans keçirilib. Modern.az xəbər verir ki, konfransda  gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmanın inkişafında idman jurnalistlərinin xüsusi rolu olduğunu deyib. Nazir müavini ali təhsilini yeni başa vuran jurnalistlərə Bədən Tərbiyəsi və İdman Akademiyasında bu sahədə dərs keçilməsini təklif edib:

“Prezidentin sərəncamına əsasən, bu il “İdman ili” elan olunub. Ölkəmizdə xeyli idman tədbirləri təşkil olunub. Bu turnirlər haqqında məlumatların insanlara çatdırılmasında jurnalistikanın böyük rolu var. Bu gün Bakı Dövlət Universitetində yüksək səviyyəli jurnalistlər hazırlanır. Təklif edirəm ki, həmin jurnalistlərdən bu sahəyə marağı olanlar, bir il və yaxud bir il yarım müddətində İdman Akademiyasında idmanın növləri ilə tanış olsunlar. Burada öz təhsillərini davam etdirsinlər. Bunun vaxtı yetişib və ehtiyac duyulur”.
İ.İsmayılov tanınmış idmançıların bəzi yarışlarda uğursuz çıxışının jurnalistlər tərəfindən daha sərt tənqid olunduğunu deyib: “Hər bir idmançı bütün yarışlarda uğur qazana bilməz. Müəyyən uğursuzluq ola bilər. Amma bu hal baş verən kimi bəzi jurnalistlər həmin idmançıların qüruruna toxunurlar. Bu yolverilməzdir. Bu peşədə yaxşı jurnalistlər çoxdur. Bu baxımdan jurnalistlərimiz Azərbaycanın və dünya idmanının inkişafında böyük köməklik göstərsinlər”.

“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev qəzetin 80 illik yubileyi münasibətilə xüsusi tədbirlərə start verdiklərini deyib.

Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov bütün idman jurnalistlərini salamlayıb: “Düşünürəm ki, əldə olunan nailiyyətlərlə yanaşı, obyektiv və qeyri-obyektiv səbəbdən olan problemlərlə bağlı da müzakirə aparmalıyıq. Bu bizi gələcək uğurlara aparacaq. İnformasiya yükü baxımından siyasətdən sonra idman ikinci gəlir”.

Əməkdar jurnalist Oqtay Babayev idman jurnalistikasına marağın artdığını bildirib. Əməkdar jurnalistin sözlərinə görə, gənc jurnalistlər məlumatların operativ çatdırılmasına çalışırlar: “Müəyyən səhvlər olur ki, onlar da təcrübəsizlikdən irəli gəlir. Zaman getdikcə, bunların hər biri düzələcək. Çalışsınlar səhvlərin aradan qaldırılmasının üzərində işləsinlər”.

Tanınmış idman jurnalisti Aydın Əliyev ali məktəblərdə yetişən jurnalistlərlə bağlı problemlərdən danışıb. O, ali məktəblərin jurnalistika ixtisasında təhsil alan xeyli tələbənin bu sahəyə marağı olmadığını deyib:
“Jurnalistikada oxuyanların təxminən 25-dən 22-si jurnalist olmayacaq. Buna səbəb test imtahanları ilə qəbul olunmaqdır. Onlar digər fakültələrə imtahan verirlər və imtahan balı aşağı olduğu üçün jurnalistikaya düşürlər. Orada oxuyanların çoxu müəllimə bildirir ki, özünüzü yormayın, onsuzda biz jurnalist olmayacağıq”.

Anar Kəlbiyev
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi