Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT-in nümayəndə heyəti ilə görüşüb. Modern.az-a parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Bahar Muradova çıxış edərək Azərbaycanın ATƏT-ə üzv olan ölkələrlə sıx əməkdaşlıq etdiyi bildirib.
ATƏT PA-nın Tiranada keçirilmiş payız sessiyasında multikulturalizm, dini dözümlülük, ksenofobiya, irqi ayrı-seçkiliyə yol verilməməsi, mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi kimi ciddi məsələlərin müzakirə olunduğunu razılıqla vurğulayan vitse-spiker onu da qeyd ediB ki, Azərbaycan nümayəndə heyəti həmin müzakirələrdə fəal iştirak edib. Ölkəmizdə ATƏT dəyərlərinə önəm verilir.
Milli Məclis Sədrinin müavini qonaqların nəzərinə çatdırıb ki, Azərbaycan Konstitusiyası və qəbul olunmuş qanunlar ölkəmizdəki milli azlıqların azad yaşaması və dini icmaların rahat fəaliyyəti üçün lazımi şəraiti yaradır.
“Azərbaycanda tolerantlıq tarixən mövcud olub və biz onu qoruyub saxlamışıq. Bu, bizim nailiyyətimizdir və ölkəmizdə olmuş beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu siyasətçilər tərəfindən dəfələrlə etiraf edilib. Dözümlülüyün Azərbaycan modeli dünya ölkələri üçün nümunə kimi qiymətləndirilib. Çünki hazırda antisemitizm dünyanı narahat edən problemdir”
B.Muradova vurğulayıb ki, Azərbaycanda heç vaxt milli və dini zəmində münaqişə olmayıb. “Dağlıq Qarabağ münaqişəsi yalnız Ermənistanın təcavüzkarlıq planlarının nəticəsidir. Bəzi dairələr Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlamış Dağlıq Qarabağ münaqişəsinə başqa don geyindirmək istəsələr də, məlumdur ki, bu nə dini, nə də etnik münaqişə deyildir”.
Sonra görüşdə iştirak edən Milli Məclis üzvlərindən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, həmin komitənin sədr müavini Yevda Abramov, Azərbaycandakı Rus icmasının sədri Mixail Zabelin, Azay Quliyev və Azər Badamov çıxış edərək ölkəmizdə milli azlıqlara göstərilən qayğıdan danışıblar, müxtəlif dinlərə etiqad üçün bərabər səviyyədə şərait yaradıldığını konkret misallarla diqqətə çatdırıblar.
ATƏT nümayəndələrinə məlumat verilib ki, ölkəmizdə yaşayan rus, yəhudi, ləzgi, avar və digər xalqların nümayəndələri vahid vətənin – Azərbaycanın övladları kimi hər zaman bu torpağın qeyrətini çəkib, Qarabağ uğrunda döyüşlərdə canlarını fəda ediblər.
Daha sonra deputatlar son vaxtlar dünyanın ayrı-ayrı ölkələrində müsəlmanlara və islam dininə qarşı aparılan əks təbliğatdan narahatlıqlarını da ifadə etdilər, dini ayrı-seçkiliyin yolverilməz olduğunu vurğulayılar.
Görüşdə fikirlərini bölüşən ATƏT sədrinin Dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri Adil Axmetov (Qazaxıstan), Endryu Beyker (ABŞ) və Ketrin Makginnes (İrlandiya) vurğulayıblar ki, ölkəmizdə apardıqları müşahidələr, keçirdikləri görüşlər Azərbaycanda müxtəlif millətlərin dinc və sabitlik şəraitində yaşadıqlarını, milli azlıqlarla dini icmalar arasında qarşılıqlı hörmət və etimadın olduğunu deməyə əsas verir. Həmçinin Azərbaycanın dövlət orqanlarında müxtəlif millətlərin təmsil olunması yüksək qiymətləndirildi. ATƏT nümayəndələri bildiriblər ki, həqiqətən, dözümlülüyün Azərbaycan modeli dünya ölkələri üçün nümunədir və Azərbaycanın təcrübəsi hər yerdə təbliğ olunmalıdır.
A.RÜSTƏMOV