“Orta məktəblərdə ən pis imtahan nəticələri ciddi şəkildə araşdırılacaq”. Bunu Modern.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
Məlum olduğu kimi, bu il orta məktəblərdə 9-cu və 11-ci siniflər üzrə bütün buraxılış imtahanlarını Təhsil Nazirliyi deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) keçirib. TQDK builki buraxılış imtahanlarında ən aşağı nəticə göstərən – şagirdləri daha çox “2” alan rayonların adlarını Modern.az-a açıqlamışdı. Bu il buraxılış imtahanları üzrə şagirdləri ən pis nəticə göstərən rayonların sırasında Sabirabad birinci yerdə gəlir. Buraxılış imtahanlarında şagirdləri ən çox “2” alan rayonların sonrakı sıralamasında isə Cəlilabad, Zərdab, Astara, Hacıqabul, Füzuli, Daşkəsən və Kürdəmir yer tutur.
Adıçəkilən rayonlarda şagirdlərin aşağı nəticə göstərdiyini nəzərə alıb, oradakı Təhsil şöbələri ilə bağlı hər hansı bir addımın atılıb-atılmayacağını təhsil naziri Misir Mərdanovdan soruşduq. Nazir bildirdi ki, yaxın vaxtlarda nazirlik rəsmiləri həmin rayonlara səfər edəcək.
“Aşağı nəticə göstərən rayonlarda müşavirələr keçirəcəyik və səbəbləri aydınlaşdırıb, müvafiq tədbirlər görəcəyik”, – deyə nazir vurğulayıb.
Anar Kəlbiyev