Modern.az

Ekspertlər qərara etiraz etdilər - “Gənclərin təhsil almasına şərait yaratmaq lazımdır”

Ekspertlər qərara etiraz etdilər - “Gənclərin təhsil almasına şərait yaratmaq lazımdır”

10 İyul 2021, 17:14

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən bu il I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi ilə bağlı qərar qəbul olunub.

 

Əvvələr isə buraxılış imtahanı ilə yanaşı qəbul imtahanı 2 mərhələli şəkildə keçirilirdi. Abituriyent hansı mərhələdə yüksək bal toplayırdısa, həmin nəticə əsas götürülürdü. Bu il isə rəsmi qurumlar qəbul imtahanlarının 1 mərhələdə keçirilməsi ilə bağlı razılığa gəliblər.

 

Qəbul imtahanlarına saylı günlərin qaldığı bir vaxtda belə bir qərarın qəbul olunması abituriyentlər və valideyinlər tərəfindən birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə bununla bağlı xeyli narazılıqlar bildirilir. Çünki qabaqcadan məlumat vermədən belə bir qərarın qəbul olunması abituriyentlərin ziyanınadır. Çünki əvvəlki illərin müşahidələri göstərir ki, bəzi abituryentlər birinci mərhələdə aşağı, ikinci mərhələdə isə yüksək nəticə göstərirdilər. Bununda müxtəlif (stres, həyəcan, temperatur səbəbindən imtahana buraxılmamaq və.s) səbəbləri olurdu.

 

Modern.az məsələnin aktuallığını nəzərə alaraq bununla bağlı təhsil ekspertlərinin fikirlərini öyrənib.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov hər il qəbul imtahanları ilə bağlı eksperiment aparıldığını deyib:

 

 

“Qəbul imtahanları bir Azərbaycanda bu şəkildədir. Bizdə 30 ildir ki, hər il eksperiment aparılır. Bu cür olmaz. Qəbul imtahanı Azərbaycana lazım deyil. Azərbaycanın bütün istedadlı insanları bu  səbəbdən çıxıb gedib, xaricdə təhsil alır. Sonra da qayıtmırlar. Biz istedadlı gənclərimizi itiririk. Axı bu bizə lazım deyil. 

 

Ona görə şərait yaratmaq lazımdır ki, abituriyentlər burada qəbul olub, təhsil alsınlar. Xaricə 10 faiz istedadlılar gedir, 10-15 faizinin isə heç ali təhsil almağa ehtiyacları yoxdur. Yerdə 70 faiz qalır. Bu 70 faizi əslinə qalsa, oxuda bilərik. Sovxoz, zavod yoxdur ki, deyəsən ki, gedib orada işləyəcəklər. Axı bu nə üçündür.. İşsiz, gücsüz insanı niyə oxumağa qoymurlar. Mən qəbul imtahanı siyasətini qəbul etmirəm. Qəbul məsələsi bir dəfəlik həll olunmalıdır”. 

 

Təhsil eksperti İlqar Orucov isə qəbul imtahanın bir neçə dəfə keçirilməsinin tərəfdarı olduğunu söyləyib:

 

 

“Əslində imtahanların iki mərhələli keçirilməsi hesab edirəm ki, ali təhsil müəssisələrinə qəbul olmaqda iddialı olan abituriyentlər üçün əlavə şansdır. Çünki 1-ci mərhələdə aşağı bal toplayan abituriyentin ikinci mərhələdə yüksək nəticə göstərmə şansı olur. Qəbul imtahanı prosesi bizim gənclər üçün xeyli əlavə psixoloji gərginliklər yaradır. Və ya həyəcan yaşayırlar. Lakin ikinci dəfə imtahan verəndə əksinə bir qədər də bu həyəcan səngiyir. Bu fərqli stuasiyalarda və məqamlarda özünü göstərir. Bəzən olurdu ki, imtahanda nəticələr bir-birindən fərqlənirdi. Bu onu göstərirdi ki, abituriyent hər iki mərhələdə imtahan verərkən, fərqli situasiya və psixoloji məqamlarda olur. Bütün hallarda burada məqsəd ondan ibarətdir ki, abituriyentlər üçün ali məktəblərə qəbul olma imkanları genişlənsin. Daim çalışmalıyıq ki, gənclərimiz təhsilli mütəxəssis olsunlar”. 

 

Ekspertin fikrincə, gənclərimizin təhsil alması üçün bütün imkanları yaratmalıyıq:

 

“Bu şansı onlara nə qədər verə bilsək, bir o qədər onların ali məktəblərə qəbul olma imkanlarını genişləndirmiş olarıq. İmtahan DİM tərəfindən böyük vəsaitlə başa gələn bir prosesdir. Amma bütün hallarda abituriyentlər o vəsaiti ödəyirlər. DİM bu imtahanları pulsuz keçirmir. Bu baxımdan abituriyentlərimizə dəstək verirəm. Onlar üçün əlavə imkanlar yaradılmalıdır. 

 

Daha çox keçirilməlidir, çünki onlar onsuzda pullarını ödəyib, imtahanlar da iştirak edirlər. Burada DİM heç nə itirmir. Düşünürəm ki, bu baxımdan DİM-də imkanları mövcuddur. Xarici beynəlxalq imtahanlar ildə bir neçə dəfə keçirilir. Bu gənclər üçün əlavə şans deməkdir. Əlbətdə Azərbaycanda da imtahanlar nə qədər çox keçirilsə, bir o qədər yaxşı olar”.

 

Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov imtahanın 1 dəfə keçirilməsinin ümumi prosesə ciddi təsir göstərmədiyini qeyd edib:

 

 

“Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının neçə dəfə keçirilməsi ilə bağlı məsləhətli şəkildə müxtəlif müzakirələr aparır. Həmin müzakirələr nəticəsində də qərarlar qəbul edilir və həyata keçirilir. Bu il belə qərara gəlindi ki, qəbul imtahanları iki yox, 1 dəfə keçirilsin. Bunun da müəyyən əsaslandırmaları var. Hesab edirəm ki, oxuyan, çalışan tələbə üçün bunun o qədər də böyük əhəmiyyəti yoxdur. Ümumiyyətlə suallar da zamanla asanlaşdırmaya doğru getdi, qəbul balları aşağı salındı. Həm də onu nəzərə almalıyıq ki, əvvəlki dövrlə indiki dövr arasında müəyyən fərqlər var. 

 

Buna görə də tələbələr daha taxşı hazırlamalı və ixtisas seçimini düzgün etməlidirlər. Hesab edirəm ki, universitetə qəbul olmaq üçün bizim hazırda seçdiyimiz test üsulu düzgün yoldur. Hər il təkmilləşdirmələr aparılaraq, bu yol seçilib. Çalışmalıyıq ki, övladlarımız düzgün seçim edərək, təhsildə uğurlarını qazansınlar. Bu ümumi prosesə həddindən artıq ciddi təsir edən bir məsələ deyil. Bəzən cəmiyyətdə daha çox asanlaşmaya, güzəştə olan meyillərin şahidi oluruq. Qərar belədir. Çalışıb bu qərara əməl edib, yerinə yetirmək lazımdır”

 

Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama