“Konstitusiya” Araşdırmalar Fondu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Təcridxansında monitorinq keçirib. Bu barədə Modern.az-a Fonddan məlumat verilib. ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2012” layihəsi çərçivəsində 12 oktyabr 2012-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Təcridxansında monitorinq həyata keçirilib. Monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb.
Monitorinq zamanı müvəqqəti saxlama təcridxanasının saxlama kameraları, növbətçi hissə, müstəntiq, vəkil, tibbi müayinə, ibadət otaqlarına, mətbəxə, kitabxanaya, gəzinti meydançasına, sanitar qovşağa baxış keçirilib. Eyni zamanda təqsirləndirilən və şüphəli bilinən şəxslərin qeydiyyatı və tibbi müayinə jurnalına baxılıb. Monitorinq zamanı Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılan NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı ilə görüş keçirilib. Z.Qurbanlı saxlama şəraitindən və təcridxana əməkdaşlarının rəftarı ilə bağlı hər hansı bir şikayətinin olmadığını bildirib.