“Qarabağ” futbol klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionundan imtina edib ev oyunlarını Bakıda keçirməsinə olan sərt etiraz getdikcə güclənir. Komandanın ev oyunlarını Ağdamda oynamaqdan imtina etməsi ağdamlılar üçün çox üzücüdür. Belə ki, onların neçə illərdir azarkeşlik etdikləri “Qarabağ” klubu bu mövsümdən etibarən öz ev oyunlarını Ağdamdan uzaqda keçirir.
Etirazların baş qaldırdığı vaxtı deputat Aqil Abbas Modern.az-a açıqlamasında “Ağdamlılar, gedin yeni komanda yaradın, “Qarabağ” sizin deyil” demişdi. Görəsən, ağdamlılar yeni komanda yaratmaq üçün hansı addımları atırlar?
83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı, “Qarabağ”lı Aqil Abbas Modern.az-a yeni açıqlamasında bildirib ki, bu barədə Ağdam Rayon İcra başçısı ilə söhbəti olub. Deputat Ağdamın yeni bir komandasının yaratmağın mümkün olacağını icra başçısına deyib.
“Hələ ki ciddi bir addım atılmayıb. Amma belə bir komanda olacaq. Bilirəm ki, rayonda bu məsələ ilə bağlı ciddi məsləhətləşmələr gedir. Komanda üçün yerin və adamların tapılması haqqında danışıqlar aparılır. Bu müəyyən müddət çəkməlidir. Çünki bununla bağlı yarışlar keçirilməli və oyunçular seçilməlidir”.
Milli Məclisin üzvünün sözlərinə görə, hər bir rayonda futbolu inkişaf etdirmək istəyiriksə, ənənələri bərpa etmək lazımdır ki, Azərbaycan futbolu inkişaf etsin.
“Bu təkcə Ağdama aid deyil. Ağcabədidə Qarabağ Müharibəsi Veteranları Birliyi hər il Hacıbadəlli kəndində Milli Qəhrəman Etibar İsmayılovun adına futbol yarışları keçirir. Həmin futbol yarışına oradakı hərbi hissələrin əsgərləri də qatılır. Həmin yarışlarda dəfələrlə iştirak etmişəm. Bunu inkişaf etdirmək lazımdır ki, “Qarabağ” komandası yenidən özünü cəmləsin. Müxtəlif futbol klublarında Qarabağdan olan futbolçular var. Söhbət təkcə Ağdamdan getmir. Orada Bərdə, Ağcabədi, TərTər və s. rayonlardan olanlar da var. Həmin komandanın formalaşmasında bu rayonlardan olan oyunçularda ola bilər. Demirəm ki, “Qarabağ” komandasının oyunçularının hamısı ağdamlı olmalıdır”.
A. Abbas bildirib ki, ağdamlılar yeni komanda yaratmaq üçün AFFA-nın prezidentinə müraciət etsinlər. Deputat inanır ki, Rövnəq Abdullayev böyük məmnuniyyətlə bunu edəcək.
“Elbrus Abbasov Ağdamda uşaq futbol məktəbi yaradıb. Onu Akademiya etmək istəyirlər. Ağdamda uşaq futbolu inkişaf etməkdədir. Bu baxımdan yeni komanda ilə bağlı AFFA-ya, PFL-ə müraciət etsinlər ki, onlara məşqçi, geyim göndəriliməsində köməklik olunsun. Rövnəq Abdullayevdən xahiş etdim ki, Ağcabədinin 10 minə yaxın əhalisi olan Hindarx qəsəbəsində mini futbol meydançası tikilsə, gənclər orada idmanla məşğul olar. AFFA-nın prezidenti qısa müddətdə onu hədiyyə olaraq tikdi və həmin kəndə bağışladı. Qəsəbənin içində belə stadionun tikilməsi çox gözəldir. Bu mənada deyirəm ki, AFFA-ya müraciət etsələr, onlar həmin komandanın formalaşmasında maddi dəstək göstərəcək. Çünki Ağdamda tikilən İdman kompleksi də Rövnəq Abdullayevin dəstəyi ilə tikilib. Bu insanlar müraciət üçün açıqdırlar. Müraciət edib, sonra gedib görüşmək lazımdır. Dövlət hər bir şərait yaradır, bundan istifadə etmək lazımdır”.
Anar Kəlbiyev