Yeni tədris ilindən Cəlilabad rayonunun Təzəkənd kənd 1 saylı orta məktəbinin 9 illik məktəbə çevrilməsi kənddə ciddi narazılıq yaradıb. Modern.az-a verilən məlumata görə, rayon Təhsil şöbəsinin müdiri Ədalət Əsgərov oməktəbdə tədrisin keyfiyyətinin aşağı olmasını və qəbul imtahanlarında nəticələrinn olmadığını əsas gətirərək belə qərar qəbul edib.
Kənd sakinlərinin sözlərinə görə, belə bir qərarı yalnız Nazirlər Kabineti qəbul edə bilər. Amma NK-nın bununla bağlı heç bir rəsmi sənədi yoxdur. Əhalisini sayı 3000, şagirdlərinin sayı isə 500-dən çox olan bir kənddə mövcud olan iki məktəbin hər ikisinin 9 illik olması sakinlərin haqlı narazılığına səbəb olub. Məktəblərin hər ikisinin maddi-texniki bazası yüksək səviyyədədir, məktəblər müəllim çatışmazlığı problemini də yaşamır.
Sakinlərin sözlərinə görə, bundan sonra şagirdlər 10-11-ci sinfi qonşu Üçtəpə və yaxud da Alar kənd orta məktəblərində davam etdirməlidir. Hər iki kəndlə Təzəkəndin arasında olan məsafə 7-8 km-dir. Belə olan halda 10-11-ci sinfi oxumaq istəyən yüzlərlə şagird – yağışda, qarda hər gün bu yolu gedib gəlməli olacaqlar. Bu gün bu kəndlərin arasında avtobus da işləmir. Bu da onsuz da ağır olan vəziyyəti daha da çətinləşdirəcək.
Təzəkənddə yeni iki mərtəbəli ortaa məktəb 80-ci illərin sonlarında tikilib istifadəyə verilib. O zaman hamı qonşu kəndlərə gedib-gəlməkdən uşaqların canının qurtardığını düşünüb. İndi 20 ildən sonra təhsil şöbəsinin müdiri Ə.Əsgərov bu məktəbin taleyini həll edib.
Kənd sakinləri Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə müraciət etmək üçün imza toplayırlar.