“Avropada qəbul edilən sosial büdcə anlayışı Azərbaycanda hələ ki formalaşmayıb”. Bu barədə Modern.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı 2013-cü ilin dövlət büdcəsinin xərclərini şərh edərkən deyib. Ekspert bildirib ki, investisiya xərclərinə qoyulan vəsaitin çoxluğu sosial yönümlü xərclərin sayını müəyyən qədər azaldır.
“2013-cü ilin dövlət büdcəsindən müdafiə istiqamətinə ayrılan vəsait 1, 5 milyard manatdır. Keçən illə müqayisə də 7% artım müşahidə edilib. Sosial istiqamətə ayrılan vəsaitin miqdarına gəlincə isə kifayət qədər çoxdur. 2013-cü il əvvəlki illərlə müqayisə də sosial istiqamətlərə ayrılan vəsaitlərin həcminin çox olması kimi yadda qalacaq. Ancaq Avropada qəbul edilən sosial büdcə anlayışı Azərbaycanda hələ ki formalaşmayıb. Bu onunla bağlıdır ki, Azərbaycan büdcəsində hər 3 manatdan biri sosial yönümlü xərcdir. Ancaq Avropa ölkələrində hər on manatdan səkkizi sosial yönümlü olur. Adətən, büdcənin 80%-i sosial yönümə xərclənir. Bunun da müəyyən obyektiv səbəbləri var. Çünki Azərbaycanda investisiya xərclərinə ayrılan vəsaitin həcmi çoxdur. Bu da sosial yönümlü xərclərin sayını müəyyən qədər azaldır”.
V. Bayramlı onu da qeyd edib ki, 2013-cü ildə investisiya proqramlarına ayrılan vəsaitin həcmində azalmalar olacağı gözlənilsə də, bu proqnoz özünü doğrultmayıb. “Adətən, inkişaf etməkdə olan ölkələrdə müəyyən müddətdən sonra investisiya xərclərinin azaldılmasına çalışırlar. Bizdə isə investisiya xərclərinin 2013-cü ilin dövlət büdcəsində azalması gözlənilmir. Bu da arzu olunan məqam deyil. Çünki investisiya xərclərin azaldılması dövlət büdcəsinə imkan verə bilərdi ki, elm və təhsil istiqamətində daha çox vəsait ayrılsın. 2013-cü ilin dövlət büdcəsinin elm xərcləri 129 mln. manat pul tutacaqdır ki, bu da keçən illə müqayisədə 4,6% artımdır. Bu heç də ciddi addım deyil. Eyni zamanda ipoteka proqramlarına vəsaitin artırılması və sosial ipotekaya 40 mln. manatın ayrılması müsbət haldır. Lakin sosial ipoteka kreditlərinə ayrılan vəsait iki dəfə artırılsa belə kifayət qədər böyük rəqəm kimi qiymətləndirilə bilməz. Çünki adi ipoteka proqramına 2011-ci ildə 77 mln. manat vəsait ayrılıb. Bu baxımdan sosial ipoteka kreditlərinin məbləğini ən azı adi ipoteka kreditləri məbləğinədək artırılmasına ehtiyac var”.
Ekspert bildirir ki, 2013-cü ilin dövlət büdcəsinin formalaşmasında neft sektorunun payı yüksək olaraq qalacaqdır.
“Güman olurki, 2013-cu ilin dövlət büdcəsinin gəlirlərinin 75 % neft sektorunun payına düşəcək .Qeyri -neft sektorunun dövlət büdcəsinin gəlir hissəsində ki, payı isə 25 % olacaq ki, bu da 2013-cü ildə büdcənin neft sektorundan asılı olması anlamına gəlir. Nəzərə alaq ki, neft istehsalının azalması 2010-cu ildən müşahidə edilməyə başlayıb. Belə ki, Azərbaycanda 2012-ci ildə 44 mlrd. ton olub, 2013-cü ildə isə 42 mlrd. ton neftin hasil edilməsi nəzərdə tutulub. Amma neftin dünya bazarında qiymətinin hələ də yüksək olması bp-nin, eləcə də Azərbaycanda neft hasilatının azaldılmasının dövlət büdcəsinə elə ciddi bir təsiri olmayacağını göstərir“, – deyə ekspert vurğulayıb.
Şahanə Rəhimli