Müsavat başqanının müavini Gülağa Aslanlı Gürcüstan parlamentinin yeni deputatı Əli Məmmədovun partiya qurultayı ilə bağlı tənqidi fikirlərinə münasibət bildirib. G.Aslanlı Modern.az-a açıqlamasında bildirib ki, Müsavat qurultayının Gürcüstanda keçirilib-keçirilməməsi haqda Əli Məmmədovun səsləndirdiyi fikirlər onlar üçün önəmli deyil:
“Biz qurultayın keçirilməsi üçün Əli Məmmədovla danışıq aparmamışıq. Biz bu məsələni Respublikaçılar Partiyası ilə müzakirə etmişik. Onlar indiyə kimi bizə mənfi cavab verməyiblər. Əli Məmmədovun çıxışından aslı olmayaraq biz yenə Gürcüstan variantını müsbət hesab edirik. Ola bilsin ki, Əli Məmmədovun situasiyadan xəbəri belə yoxdur. Odur ki, bu fikirlər bizim üçün əhəmiyyətli deyil. Biz öz mövqeyimizdə yolumuza davam edəcəyik. Əli Məmmədovun belə fikri var idisə nə üçün, Gürcüstanda biz görüşəndə bu haqda danışmadı”, - deyə partiya rəsmisi bildirib.
Qeyd edək ki, “Gürcü arzusu”ndan olan azərbaycanlı deputat Əli Məmmədov Modern.az-a açıqlamasında Müsavat Partiyasının qurultayının Gürcüstanda keçirilməsinə icazə verilməyəcəyini bildirib. Gənc deputat qurultayın Gürcüstanda keçirilməsinə qarşı olduğunu deyib.
Anar RÜSTƏMOV