Modern.az

“Bp” qalmaqalı yenidən müzakirə edilib

“Bp” qalmaqalı yenidən müzakirə edilib

15 Oktyabr 2012, 20:40

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı olub. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Müsavat Partiyasının Siyəzən rayonunda keçirilən zona müşavirəsinə dair verilən məlumat dinlənilib. Divan zona müşavirəsinin keçirilməsini müsbət qiymətləndirib.

Daha sonra ictimai - siyasi vəziyyət müzakirə edilib. Bu günlərdə ölkə hakimiyyəti ilə  “bp” şirkəti arasında yaranmış gərginlik geniş müzakirə olunub. Qeyd edilib ki, son illər neft istehsalı sahəsində durğunluq və azalmalar müşahidə edilir,  Azərbaycanda iqtisadi vəziyyətin  pisləşməsi tendensiyası göz qabağındadır. İqtisadiyyatın ağır duruma düşməsi, onun bütövlüklə neft sektorundan asılı vəziyyətə salınması əslində hakimiyyətin səriştəsiz siyasətinin nəticəsidir və məsuliyyət birbaşa ölkə rəhbərliyinin üzərinə düşür. Neft satışından əldə olunan gəlirlərin hesabına Azərbaycanın guya analoqu olmayan inkişaf yolu barədə hər cür dəbdəbəli ifadələr işlətməkdən çəkinməyən hakimiyyət indi məsuliyyətdən yayınmağa, ictimai diqqəti xarici şirkətlərin üzərinə yönəltməyə çalışır.

Müsavat Partiyası Divanı eyni zamanda “bp” şirkətinin yaranmış ziddiyyətlərə aydınlıq gətirmək üçün daha geniş açıqlama verməsini məqsədəuyğun hesab etdiyini bildirir.

Divanda oktyabrın 14-ü Bakı şəhərində cəmi yarım saat yağan  yağışdan sonra yaranmış acınacaqlı durum barədə fikir mübadiləsi aparılıb. Daha sonra Nigar Yaqublu, Şahin Həsənli, hüquq müdafiəçiləri Vidadi İsgəndərli,  Taleh Xasməmmədov, İlham Əmiraslanov və digər vicdan məhbuslarının  azadlığa buraxılması zərurətini indiki mərhələdə bir daha dəyərləndirməyə çağırıb. Divanda oktyabrın 20-də Müsavat Partiyası Məclisinin toplantısının gündəliyinə təklif edilən məsələlərə baxış keçirib.

Həmçinin Divanda parlamentdə təmsil olunan partiyalara ayrılan maliyyə vəsaiti də müzakirə olunub. Sonda cari məsələlərə baxılıb.  

 

A.RÜSTƏMOV

   
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi