Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən spiker Oqtay Əsədov bp şirkəti ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
O.Əsədov prezident İlham Əliyevin şirkətlə bağlı tənqidi çıxışına toxunaraq deyib ki, bp şirkəti artıq öz cavabını alıb.
Spiker bu məsələ ətrafında bir çox dairələrin qaldırdığı hay-küyü anlamadığını bildirib. Onun sözlərinə görə, məsələdən xəbəri olmayan bəzi insanlar bp şirkəti ilə bağlı danışırlar.
“Prezident dedi ki, öhdəliklər yerinə yetirilməlidir. Necə olur ki, müqavilədə Azərbaycanın payı 80 faizə qalxanda hasilat aşağı düşür. Prezident Azərbaycan dövlətinin maraqlarını müdafiə edir. Bu da onu göstərir ki, şirkət hasilatın artırılmasında maraqlı olmayıb”, - deyə O.Əsədov bildirib.
Parlamentin sədri mətbuatda bp ilə bağlı məsələlərə tənqidi yanaşmanın düzgün olmadığını qeyd edib. Spikerin fikrincə, bp-yə artıq xəbərdarlıq edilib.
Millət vəkili Zahid Oruc da bp ilə bağlı məsələdən danışıb. Deputat qeyd edib ki, parlament ölkə başçısının məlum çıxışını müsbət qiymətləndirib.
Zahid Oruc deyib ki, Azərbaycan prezidenti öz çıxışı ilə transmilli şirkətlərin guya, siyasi məsələləri həll etdiyi, hakimiyyət dəyişikliyi həyata keçirdiyi barədə formalaşan mifləri dağıtdı..
Modern.az