Baş Prokurorluq saxta sənədlərlə kredit rəsmiləşdirən vəzifəli şəxslərin qanunsuz əməllərini ifşa edib. Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidməti məlumat verib. Prokurorluqdan bildirilib ki, "İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı və "Astara Kredit İttifaqı" MMC-də yol verilən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, qeyd edilən cəmiyyətlərin vəzifəli şəxsləri 2010-cu ilin sentyabr ayında 2 nəfər Astara sakininin hər birinə müraciətləri əsasında 3.0 min manat məbləğində istehlak krediti vermələrinə baxmayaraq, sonradan vətəndaşlardan xəbərsiz kredit üçün girov qismində təqdim olunan ev və torpaq sahələrinin sənədlərindən istifadə etməklə onların adına saxta yolla 59.0 min manat məbləğində kredit rəsmiləşdiriblər. "İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı və "Astara Kredit İttifaqı" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Modern.az