Oktyabrın 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondunun prezidenti Eldar İsmayılovu qəbul edib.
Eldar İsmayılov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə Şeyxülislam həzrətlərinə məlumat verib. Eldar İsmayılov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin İslam dininin təbliğindəki xidmətlərini, regionda və bütün dünyada sülhün qorunması yolunda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib. Eldar İsmayılov bildirib ki, “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondu milli özünüdərkin təbliğində fərqlənən, Vətənə, xalqa müstəsna xidmətləri ilə seçilən şəxsləri “Vətən övladı” qızıl medalı ilə təltif edir. Fondun İdarə heyətinin qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu il həmin mükafata layiq görülüb. Fondun rəhbəri “Vətən övladı” qızıl medalını Şeyxülislama təqdim edib. Şeyxülislam Allahşükür Paşazadə mükafata görə təşəkkürünü bildirib, fonda gələcək fəaliyyətinə uğurlar arzulayıb.