Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq edilən “Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi” (XİİS) layihəsi Almaniyanın SAP AG şirkəti tərəfindən “SAP Quality Award 2012 for CİS” (Gold Winner) qızıl mükafatına layiq görülüb. Modern.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində dünya miqyasında geniş tətbiq edilən, biznes proseslərinin idarə olunmasında mütərəqqi proqram təminatı hesab edilən SAP ERP həlli əsasında “Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi” tətbiq olunub.
Dövlət Xəzinədarlığında maliyyə əməliyyatlarının avtomatlaşdırılması məqsədini daşıyan sistem Almaniyanın SAP AG şirkəti tərəfindən keçirilən MDB ölkələrində “Böyük şirkətlərdə SAP proqram təminatının tətbiq edilməsi” kateqoriyası üzrə müsabiqədə qalib gəlib və “SAP Quality Award 2012 for CİS” (Gold Winner) Qızıl Mükafatına layiq görülüb. Qiymətləndirmənin kriteriyaralarına SAP-ın keyfiyyət prinsipinə əməl olunması parametri, effektivlik, həmçinin layihələrin unikal xüsusiyyətləri nəzərə alınmaqla tətbiqin rentabelliyi və məcmu dəyəri kimi əsas göstəricilər daxil olunur.