Modern.az

Orxan Kərimov: “Mənə şər atan şəxs ABU-ya aid saxta diplomlar satırmış”

Orxan Kərimov: “Mənə şər atan şəxs ABU-ya aid saxta diplomlar satırmış”

18 Oktyabr 2012, 15:49

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun məhkəməsi olub. Modern.az-a danışan O.Kərimov qeyd edib ki, dünən bir çox qaranlıq məqamlara aydınlıq gətirilib.

O.Kərimov məhkəmədə baş verənlər barədə danışıb: “Prosesdə 20-dən artıq şahid dindirildi. Ümumən qeyd etmək istəyirəm ki, məhkəmənin gedişatından razıyam. Çünki obyektiv araşdırma aparılması üçün demək olar ki, tam şərait yaradılıb. Məhkəmə iclasında şahidlərin dindirilməsi zamanı əvvəldən məlum olan və olmayan bir çox məsələlər öz təsdiqini tapdı. Yəni şahidlər təsdiq etdi ki, mənə qarşı əvvəllər məlum yalan ifadələr vermiş Rafiq Hüseynov dələduzluq etmək üçün özünü gah Təhsil Nazirliyinin əməkdaşı, gah Maliyyə Departamentinin rəisi, bəzən də Maliyyə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib. Dünənki proses zamanı şahid ifadəsində indiyə kimi məlum olmayan bir fakt ortaya çıxdı. Deməli, R. Hüseynov Təhsil Nazirliyinin binasının içərisindən çıxaraq əsas qapıda adamları qarşılayıb, uşağını universitetə düzəltməsi barədə sövdələşmə  aparıb. Yəni çox müəmmalı məsələ budur ki, R. Hüseynov necə Təhsil Nazirliyinin binasında olub və o rəsmi girişdən çıxaraq, insanlarla görüşüb və onları aldadıb. Deməli insanlara deyirmiş ki, mən nazirliyin işçisiyəm, uşağınızı hara lazımdır düzəldə bilərəm. Ona kim bu şəraiti yaradıb, bu mənim üçün çox qaranlıqdır. Bu məsələyə məhkəmə zamanı hər kəs, hətta hakimlər də təəccübləndilər. Bu məsələ təəssüf ki, 9 aylıq istintaq dövründə ortaya çıxmadı. Bu məsələlər bir daha təsdiq edir ki, Rafiq Hüseynovun istintaqa məlum olmayan hansısa gizli əlaqələri var. Ən qaranlıq məsələ bu idi, bunu da bildik. Amma məhkəmədə Təhsil Nazirliyinin heç bir rəsmisi yox idi ki, aydınlıq gətirsin. Yəqin ki, növbəti proseslərdə kimsə dəvət olunar, mən dəqiq heç nə deyə bilmərəm".

Dindirilən şahidlərin heç biri məni tanımır. Mənimlə əlaqələri olmadıqlarını təsdiqlədilər. Obyektiv araşdırma nəticəsində məsələlər tam araşdırılır.

O. Kərimovun sözlərinə görə, müxtəlif mətbəələrdən R.Hüseynova 67 ədəd möhür və ştamp verilib. “Nə qədər təəccüblü olsa da, qeyri-qanuni yollarla, saxta sənədlərlə, əsası olmayan məktub və etibarnamələr vasitəsilə bu möhür və ştampları əldə edib. Rafiq Hüseynov insanlara saxta attestatlar verib, qanunsuz tələbə köçürməsi və diplom məsələləri ilə də məşğul olub. Məlum oldu ki o, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) saxta diplomlarını insanlara satıb. Düşünürəm ki, şahid ifadələri nəticəsində mənim təqsirsiz olmağım sübut olunacaq”.

Qeyd edək ki, sabah məhkəmənin növbəti hissəsi olacaq.

Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O rüşvət almaqda ittiham olunur. Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib 

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi