“Yeni ittifaqı konqresə alternativ olaraq yaradıblar”
Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının və “Ocaq” Mədəniyyət Cəmiyyətinin İdarə Heyətinin üzvü Nəsib Nəbioğlu Rusiyada yaşayan soydaşlarımızın yaratdığı yeni diaspor qurumu ilə bağlı münasibət bildirib. N.Nəbioğlu Modern.az-a açıqlamasında azərbaycanlı oliqarxların yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) fəaliyyəti ilə bağlı məlumatsız olduğunu bildirsə də, yeni qurumun ətrafında birləşə biləcəklərini də inkar etməyib.
“Hələlik yeni yaradılan qurumun mövqeyi və fəaliyyəti ilə bağlı rəsmi məlumat yoxdur. Bu qurumun hansı səbəbə yaradılması haqda məlumatlı deyiləm. Burada hərə yorğanı öz üzərinə çəkir. Ümumi olaraq Azərbaycan diasporu heç bir iş görmür. Hesab edirəm ki, Rusiyada yaşayan iş adamları bu təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresinə alternativ olaraq yaradıblar. Yeni yaradılan qurum burada yaşayan bütün azərbaycanlıları birləşdirsə, onların siyasi baxışlarını nəzərə almadan, iqtidar-müxalifət məsələsi nəzərə alınmadan azərbaycanları birləşdirə bilən güclü təşkilat olarsa, onların maliyyə imkanları güclü olsa, əlbəttə belə bir təşkilatı alqışlayıram”, -deyə ÜAK üzvü qeyd edib.
Rusiyada mövcud olan diaspor qurumlarının fəaliyyətindən narazılığını dilə gətirən N.Nəbioğlu qonşu ölkədə yaşayan həmvətənlərimizin ciddi problemlərin olduğunu və onlara diaspor təşkilatları tərəfindən kömək edilmədiyini vurğulayıb.
“Qeyd edim ki,Rusiyada yaşayan azərbaycanlıların vətənə gəlib-getməsi üçün çox ciddi problemlər çıxır. Problemlərimizlə maraqlanan yoxdur. Diaspor təşkilatları nə işə baxır, bilinmir. Bu təşkilatların gördüyü işlər cəfəngiyyatdır. Yeni qurum bizim soydaşlarımızın problemlərinin həlli istiqamətində səy göstərərsə, biz onların ətrafında birləşməyə hazırıq”.
Xatırladaq ki, Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor qurumunun yaradıldığını elan ediblər. Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlanan bu təşkilata Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, məşhur iş adamları İsgəndər Xəlilov, Araz Ağalarov, Vahid Ələkbərov və başqaları daxildir.
Yeni qurum sentyabrın 28-də təsis edilib və qeydiyyata da alınıb. ÜATİ-nin artıq mərkəzi ofisi də var. Ofis Moskva şəhərinin mərkəzində, Krasnaya Presnya küçəsi 24, ünvanında yerləşir.
Anar RÜSTƏMOV