BP Azərbaycanda terminal və boru kəmərləri əməliyyatları üzrə yeni vitse-prezident təyin edib. Şirkətdən Trend-ə verilən məlumata görə, Kreiq Viqqz 2013-cü il yanvarın 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Bu vəzifədə Kreiq Səngəçal terminalı, həmçinin Azərbaycandan Türkiyə və Gürcüstana gedən bütün ixrac boru kəmərləri üzrə təhlükəsiz və səmərəli əməliyyatlara cavabdeh olacaq.
Kreiq Viqqz neft sənayesində 30 ildən artıq təcrübəyə malikdir. O, ABŞ və digər beynəlxalq ölkələrdə çalışıb. Kreiq qazma, tamamlama, quyulara müdaxilə və hasilat əməliyyatları da daxil olmaqla müxtəlif ixtisas sahələrini əhatə edən quru və dəniz əməliyyatları qruplarına rəhbərlik edib. Onun son iki vəzifəsi Trinidad və Tobaqoda BP-nin əməliyyatlar üzrə vitse-prezidenti və BP-nin şərqi dərinsulu Meksika körfəzi üzrə biznesində bölüm rəhbəri olub.
Terminal və boru kəmərləri əməliyyatları üzrə vitse-prezident kimi Kreiq Azərbaycanda 2000-dən çox işçidən ibarət böyük bir heyətə rəhbərlik edəcək.
BP-nin Azərbaycandakı quyular üzrə mühəndislər qrupuna 10 yeni mütəxəssis də cəlb ediləcək. Onlar bunadək şirkətin Alyaska, Şimali Amerika, Şimal dənizi, Anqola və Misirdəki layihələrində işləyiblər.
Qeyd edək ki, sentyabrın 15-dən şirkətdə quyular üzrə yeni vitse-prezident Cim Kaui də işə başlayıb. O bu vəzifədə Qari Kristmanı əvəz edib.
Kauinin təcrübəsi yüksək təzyiqli və yüksək temperaturlu mürəkkəb layihələri, həm qazma qurğuları vasitəsilə, həm də platformadan qazılan quyuları əhatə edir. O, "BP Azerbaijan"da quyular üzrə 300-dən çox mütəxəssisdən ibarət qrupa rəhbərlik edəcək.
Modern.az