Modern.az

BDU niyə geridə qalıb? - Mütəxəssislər səbəbini AÇIQLAYIR

BDU niyə geridə qalıb? - Mütəxəssislər səbəbini AÇIQLAYIR

Təhsil

5 Avqust 2021, 12:54

Son dövrlərdə ali məktəblərin fəaliyyətində beynəlxalq reytinq göstəriciləri mühüm rol oynayır. Reytinq siyahılarında ön yerləri tutan universitetlər daha çox maraq kəsb edir, savadına və özünə güvənən gənclər həmin nüfuzlu təhsil ocaqlarında oxumağa can atırlar.

 

Azərbaycana gəldikcə isə ADA, Bakı Ali Neft Məktəbi və UNEC-in reytinqində yüksəliş qeydə alınmaqdadır.  Bu, ilk növbədə adıçəkilən təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, keyfiyyətli xidmət göstəriciləri ilə əlaqələndirilir.

 

Təəssüflər olsun ki, vaxtilə Azərbaycanda ən prestijli universitet kimi tanınan Bakı Dövlət Universiteti nədənsə reytinq cədvəlində yüksələ bilmir. Bu təhsil ocağının reytinq siyahısında önə çıxa bilməməsi nə ilə əlaqədardır?

 

 

Bu məsələ barədə Modern.az-a danışan tarix üzrə ekspert Nadir İsrafilov hesab edir ki, yeni universitetlər müasir tələblərin nəbzini tuta bilir:

 

“Bakı Dövlət Universiteti Azərbaycanın ilk yaradılan universitetidir, sonra yeni universitetlər quruldu. Dünyadakı qloballaşma prosesi, yeni texnologiyaların tətbiqi, dünya təcrübəsinə inteqrasiya və bu kimi proseslər universitetlərin fəaliyyətinə təsir göstərdi. Bu zaman rəqabət yarandı, bəzi universitetlər rəqabətdən yorulub geri çəkildi, nəticədə universitetin prestiji aşağı düşdü. Yeni universitetlər müasir tələblərin nəbzini tuta bildilər. Bəzi universitetlərin xarici məktəblərlə geniş əlaqəsi var, bu da prestijin üstün səbəblərindən biridir. Reytinqlərin şərtlərinə  alimlərin beynəlxalq jurnallarda iştirakı, məqalələrinin çapı və.s daxildir. İrəliləmək və geriləmək rəhbərdən asılıdır. Ümumilli lider Heydər Əliyev demişkən, hər şeyi kadr həll edir. Kadrlar sağlam atmosfer yaratmalı, gənclərə diqqət ayırmalıdır”.

 

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədovun sözlərinə görə, savadlı kadrların yetişməsində əsas yük universitetlərin üzərinə düşür:

 

“ADA yeni standartlarla və meyarlarla yaradılmış universitetdir. Qərb standartlarını mənimsəmiş universitetlərdən biridir. Universitet rəhbərlərindən, qarşıyan qoyulan məqsəddən çox şey asılıdır.  Bakı  Dövlət Universiteti AXC-nin bizə yadigarıdır və biz istərdik ki, o daha da irəliyə getsin, Azərbaycanın seçilmiş universiteti olsun. UNEC, ADA, ADNSU, BANM bunlar Azərbaycanın ən qabaqcıl və öndə gedən universitetləridir. 

 

Bu günü təhlil etsək görərik ki, yüksək bal toplayan tələbələrin əksəriyyəti qeyd etdiyim universitetləri seçirlər. Hər bir ölkənin inkişafı onun təhsilindən asılıdır. Azərbaycan inkişafı üçün savadlı kadrlar yetişdirməlidir, bu kadrların yetişməsində əsas yük universitetlərin üzərinə düşür”.

 

 

Təhsil eksperti Kamran Əsədov isə Bakı Dövlət Universtetinin irəli getməməsini səbəbini belə izah edib:

 

“Azərbaycanda yüz illik tarixi olan bir universitet 2005-2018- ci illərdə özünün çöküş dövrünü yaşadı. 2018-ci ildən sonra BDU dirçəlməyə başladı. Azərbaycanın həm sovet, həm müstəqillik dövründə ən savadlı kadrları Bakı  Dövlət Universiteti yetişdirib. Universitetin çökməsinin əsas səbəbi korrupsiya, rüşvətxorluq idi. Eyni zamanda işə götürülənlər savadlı yox, universitet rəhbərinin qohumu olurdu. Bu səbəbdən tədris mühiti ölmüşdü. Nəticədə ölkədə və dünya reytinqində səviyyəsi çox aşağı düşdü. 2019-cı ildən etibarən dağıdılmış imicin bərpasına başlanıldı. Hesab edirəm ki, BDU yenidən özünü tənzimləyəcək və yenidən ölkənin prestijli universiteti olacaq”.

 

Humay İsgəndərova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?