Modern.az

Ləçək və ləçər

Ləçək və ləçər

Təhsil

22 Oktyabr 2012, 13:05

Hər bir adamın mövqeyinə hörmətlə yanaşıram. Amma bu mövqe yetərincə əsaslıdırsa, iddianın arxasında boş söz deyil, dəlillər varsa. Yalnız bu halda ən başlıca söykənəcəkdən – ədalətdən pay ummaq və ona istinad etmək olur.

Dünən ANS-in ”Hesabat”ında cib telefonuna çəkilmiş kadrları görəndə də mülahizələri əsaslı saydım və onlarda ədalət qığılcımını sezdim.

Bu videonun ANS-ə necə gəlib çıxması haqda müfəssəl məlumatım yoxdur. Təfsilatını əsla bilmirəm. İlk dəfə görürdüm. Əlbəttə, Azərbaycan qadınının (yaxud kişisinin) təhqir olunmasını həzm etmirəm və ən başlıcası bunun videoya çəkilməsinin və kimlərəsə görk olsun deyə,  nümayiş etdirilməsinin tam əleyhdarıyam. Amma...

ANS-in yayımladığı bu kadrların üzərində bu qədər israrlı olmasını anlamıram. Çünki bundan bir qədər əvvəl başqa bir video peyda oldu və onun doğurduğu təpki miqyasca daha böyük, daha ədalətli idi. Amma ANS onu efirə vermədi.

“Vermədi” sözü hələ şəxsi iradımın və ictimai iradın zərrə boyda hissəsidir. Çünki ANS-də o videonun verilməməsini əsaslandırmaq cəhdi də oldu. Hələ bu azmış kimi həmin kadrlardakı adamı ciddi-cəhdlə təmizə çıxarmaq, arxasında dayanmaq və müdafiə etmək səyləri. Xüsusi qeyd edim – elə “Hesabat”da.

Həmin bazar günü proqramında Elşad Abdullayev-Gülər Əhmədova-Sevinc Babayeva üçlüyünün iştirak etdiyi “sənədli film”lə bağlı bir QHT təmsilçisindən müsahibə alındı. Sualların tonundan açıq-aşkar şəkildə sözügedən videonun nümayişinin yasaq olduğu və hətta ictimai qınağın da əsassız olduğuna eyhamlar, vurğular vardı. Onda verilişin aparıcısından nə dövlətin hüquq-mühafizə orqanlarının ünvanına sərt etiraz səsləndi, nə də məsələnin mühümlüyünü cəmiyyətə vurğulamaq istəyi. Tam əks mövqe. Tam əks mülahizələr. Tam əks iddialar. Hər üç sözün altından qalın bir xətt cızaraq deyim – tam ədalətsiz.

Niyə?

“Məni hamı “Qaynana” kimi tanıyır”, “Ağzımı açdırmayın” deyən adı da bəlli, soyadı da bəlli qadının çəkildiyi videonun mahiyyətinin ictimai çəkisi az idi? Cəmiyyətdəki mənəvi-əxlaqi aşılanmanı əks elətdirmirdi? Dəyirmi masa arxasında, yaxud ikilikdə müzakirə aparmaq üçün hələ sadalamadığım başqa mövzuların qaldırılmasına əsla yaramırdı?

“Adə, köpək uşağı, mənim atımın quyruğunu kəsirsiz!” Bu kəlməni “Bizim Cəbiş müəllim”dən xatırlayırsınız. Hərgah gənc nəsil arasında at quyruğu kəsmək kimi, qadın saçının niyə kəsildiyini bilənlər barmaq sayı qədərdir. Ona görə də iffət, namus rəmzləri olan saç, hörük, örpək, ləçəyin TV ekranından xatırlanmasını mən də vacib sayıram. Lazımi işdir, həm də indi bu mövzulara, anlayışlara telekanallarda çox az vaxt verildiyini nəzərə alaraq. Amma xalqın min illər boyu xüsusi anlam verdiyi, müqəddəsləşdirdiyi, pərəstiş dərəcəsinə çatdırdığı dəyərləri təbliğ edərkən ləçəyi ləçərdən ayırmaq gərəkdir.

Səhv demirəm ki?

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi