Modern.az

ARDNŞ-dən təkzib: “Biləcəridə evləri sökənlər bizim əməkdaşlar olmayıb”

ARDNŞ-dən təkzib: “Biləcəridə evləri sökənlər bizim əməkdaşlar olmayıb”

Təhsil

22 Oktyabr 2012, 19:04


Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 12-də yaşayan  Niyazi İsmayılovun ailəsinə məxsus evin uçurulması zamanı baş vermiş qarşıdurmaya münasibət bildirib. ARDNŞ-ın Hüquq idarəsinin şöbə rəisi Şahin İsmayılov Modern.az saytına açıqlamasında deyib ki, ARDNŞ-nin məsələyə aidiyyatı yoxdur:

“Şirkətin təhlükəsizlik xidmətinin əməkdaşları ilə də danışdım. Onlar da belə əməliyyat həyata keçirməyiblər. Ümumiyyətlə, o ətrafda bizim şirkətin əməkdaşlarından heç kim olmayıb. Bu məlumatı da sizdən eşidirəm. Əslində belə bir şey barədə hər hansı tədbir görülürsə, bu barədə sənədləşmə aparılmalıdır. Həmin ətrafda nə bu gün, nə də bundan öncəki günlər ev söküntüsü ilə bağlı tədbirimiz olmayıb. Bilmirəm bunu hansı vətəndaş deyir? Bizim təhlükəsizlik əməkdaşlarına heç bir göstəriş verilməmiş heç kəs tədbir keçirə bilməz. Yaxşı olardı ki, həmin insanlar Dövlət Neft Şirkətinin baş ofisinə yazılı ərizə ilə müraciət etsinlər. Konkret belə bir şey olubsa aşkarlayaq”.

Şöbə rəisi onu da bildirib ki, şirkətin təhlükəsizlik əməkdaşlarının təsdiq olunmuş təlimatları var. Onlar da bu təlimata uyğun hərəkət edirlər. Bu təlimata uyğun hər hansı göstəriş, tapşırıq olmadan tədbir həyata keçirməyə və yaxud da nəyisə mühafizəyə götürməyə səlahiyyətləri yoxdur. Əgər belə bir hal aşkarlanarsa, ən pis halda əmək qanunvericiliyinin tələbinə uyğun həmin işçilər işdən azad edilir. Bu hal da müstəsna deyil. Əmək qanunvericiliyində ən sərt şərt işçinin tutduğu vəzifədən azad olunması göstərilir ki, biz də onu edəcəyik. Amma vətəndaş özü də bu barədə lazimi hüquq- mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər”.

Qeyd edək ki, bu gün Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 12-də yaşayan  Niyazi İsmayılovun ailəsinin evi dağıdılıb, ailə üzvləri isə möhkəm döyülüb. Ailə iddia edib ki, evi sökməyə gələn 20-dək hərbi formalı adamın əynində üzərinə “SOCAR” yazılmış geyim olub.

Digər məlumatlara görə, həmin şəxslər ARDNŞ-nin deyil, "Binəqədi oyl" neft şirkətinin əməkdaşları olublar.

Gültəkin Ələsgər      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi