Modern.az

Hüquq müdafiəçisi: “Ştrasserin siyahısında siyasi məhbuslar ona görə çoxdur ki...”

Hüquq müdafiəçisi: “Ştrasserin siyahısında siyasi məhbuslar ona görə çoxdur ki...”

23 Oktyabr 2012, 16:55

“Bizim siyahıda 10 nəfər siyasi məhbus, Ştrasserin siyahısında isə 85 nəfər var”. Bu sözləri Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı deyib. Onun sözlərinə görə, Avropa Şurası məruzəçisinin siyahısında bu qədər çox siyasi məhbusun olmasının səbəbi Azərbaycandan ona müxtəlif siyahılar göndərilməsidir.

“Ştrasserin siyahısında olan 85 nəfərdən 18-i artıq azadlıqdadır. Amma orada islamçılarla bağlı böyük bir qrup var. Bu, həm İslam Partiyasının həbs olunan üzvləri, həm də “Səid Dadaşbəylinin işi” üzrə adları keçən 10 nəfərdir. Biz bunları öz siyahımıza salmamışıq. Çünki onların məhkəməsi qapalı keçib. Onların işiylə bağlı Avropa Şurasında məsələ qoymuşuq, Azərbaycanda da bu haqda dəfələrlə demişik ki, məhkəmə açıq, şəffaf olsun. Bu çox ciddi məsələdir. Araşdırılmalıdır ki, bu insanların həqiqətən suçu var, ya yox”, – deyə S. Qocamanlı vurğulayıb.

Hüquq müdafiəçisi bildirib ki, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə məruzəçisinin siyahısında ömürlük həbs olunanlar da var: “Artıq onlar uzun müddətdir ki, həbsdədirlər, lakin onlar bizim siyahımızda yoxdur. Onların azadlığa çıxması barədə mən dəfələrlə danışmışam. Onlar ömürlük həbs olunublar, onların arasında elələri var ki, yaşları artıq 70-dən çoxdur. Ağır xəstədirlər, hətta yaxşı davranışına görə qəti imkan tədbirlərini azaltmaq olar və kimisə azadlığa buraxmaq olar. Yəni ömürlük həbslə bağlı bizim öz mövqeyimiz var. Bu məsələyə xüsusi baxılmalıdır. Xüsusi baxılmalıdır ki, Qobustan həbsxanasında olanların sayı azalsın. Ona görə də bizim siyahımızda müxtəlif rəqəmlər var”.

Səidə Qocamanlı qeyd edib ki, artıq 3 ildir Ştrasserlə işləyirlər. “Onunla Azərbaycandan da yazışırıq, daha sonra Strasburqa da hər dəfə gedəndə onların problemlərini gündəmə gətiririk ki, bu siyahını daha da dəqiqləşdirək”.

Hüquq müdafiəçisi 10 nəfərin içində olan siyasi məhbusların adını çəkib. O qeyd edib ki, siyahıda “OMON”çular, Vidadi İsgəndərli və Şahin Həsənli, Əli İnsanov, Fərhad Əliyev, Nemət Pənahlı, hüquq müdafiəçisi Taleh Xasməmmədov və bir neçə başqa şəxslər var.

Sevinc İltifatqızı
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi