Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr ilə görüşüb.
Görüşdə A.Quliyev sədri olduğu Şuranın yaranması, fəaliyyəti və gələcək planları, həmçinin Şura tərəfindən hazırlanmış yeni qanun layihələri və bu layihələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakı barədə qonağa geniş məlumat verib.
Daha sonra ABŞ rəsmisi razılaşdırılmamış mitinqlərdə iştiraka görə tətbiq olunan cərimələrin məbləğinin artırılması və bunun sərbəst toplaşma azadlığına təsiri barədə Şura sədrinin fikirlərini soruşub. A.Quliyev bu dəyişikliklərin heç bir halda sərbəst toplaşma azadlığını məhdudlaşdırmayacağını qeyd edib.
Sonda deputat beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu və qarşı tərəfi də əməkdaşlığa dəvət etdiyini bildirib.
Modern.az