Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlı rayonuna səfərə edib. Modern.az AzərTAc-a istinadən bildirir ki, dövlət başçısı əvvəlcə Saatlı şəhərinin mərkəzindəki illi Heydər Əliyev abidəsini ziyarət edib. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov abidə barəsə İlham Əliyevə məlumat verib. Daha sonra Prezident Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. O, bina ilə tanışlıqdan sonra yaradılmış şəraitdən razılıq edib. Səfər çərçivəsində İlham Əliyev rayon mərkəzində Gənclər Mərkəzinin açılışına da qatılıb. Görülmüş işlərdən razılığını bildirən dövlət başçısı tapşırıq və tövsiyələrini verib. Azərbaycan Prezidenti Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında iştirak edib. Prezident muzeylə tanış olub. Ölkə başçısının qatıldığı növbəti mərasim Saatlıdakı Şahmat Məktəbinin açılışı olub. Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə də tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri zamanı görülmüş işlər barədə məlumat verib. Bildirib ki, xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur.
Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılış mərasiminə də qatılıb. Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə 2013-cü ildə inşasına başlanılacaq və tikintisi başa çatdırılacaq avtomobil yolları haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Hacıqabul-Bəhrəmtəpə istiqamətində 112,1 kilometr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə istiqamətində 94 kilometr, Kürdəmir-Yevlax istiqamətində 85 kilometr, Göyçay-Ucar istiqamətində 20 kilometr, Bərdə-Tərtər istiqamətində isə 18 kilometr yolun inşası nəzərdə tutulub. Bu yollar üzərində ümumilikdə 40 körpü tikiləcək.
Araz çayı üzərindəki körpünün texniki göstəriciləri ilə tanış olan dövlətimizin başçısına bildirilib ki, Saatlı şəhərini İmişli şəhəri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun üzərində salınan bu qurğu 7 aşırımdan ibarətdir. Körpünün uzunluğu 238,8 metr, hərəkət hissəsinin eni 11,5 metr, səki ilə birlikdə isə 14,4 metrdir. Bu qurğu ilə Saatlı-İmişli və əks istiqamətdə hərəkət edən çoxtonnajlı və minik avtomobillərinin, o cümlədən piyadaların təhlükəsizliyi tam təmin edilib.
Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidentinə Hacıqabul-Horadiz avtomobil yolunun Kür çayı üzərindəki körpüsündə aparılan tikinti işləri barədə də məlumat verilib. Qeyd edilib ki, körpünün ümumi uzunluğu 317,7 metr, eni isə 14,8 metr olacaq.
Dövlət başçısı yeni salınacaq yolların yüksək keyfiyyətlə və vaxtında tikilməsi ilə bağlı tapşırıqlarını verib.