“İlham Rəhimli ilə axırıncı dəfə 5-6 il bundan öncə danışmışam. Verilən informasiyanın tamamilə yalan olduğunu bildirirəm”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da siyasi mühacirətdə yaşayan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Rusiya prezidenti Putin ilə görüşünün planlaşdırlıdığı barədə məlumatları şərh edərkən deyib.
“Putin böyük bir ölkənin prezidentidir. O öz gənclik dostlarına müəyyən bir biznesin yaradılmasında kömək edə bilər. Ancaq dövlət işlərində heç vaxt dostlarının tövsiyyəsi ilə oturub durmaz. Bu absurddur. Əgər Putin Rəhimlinin təkliflərinə belə ciddiliklə yanaşsa, nəyə görə elə onun özünə və ya onun yaxın dostlarına Azərbaycanda hakimiyyətə gəlməyə kömək etməməlidir”-deyə R.Quliyev vurğulayıb.
“Mətbuat yaza bilər, ancaq mətbuatda alternativ fikirlər də yazılmalıdır. Nəyə görə jurnalistlərdən kimsə məntiqə söykənib bu informasiyanın absurd olduğunu yazmır, anlaya bilmirəm”-deyə sonda eks-spiker qeyd edib.
Xatırladaq ki, internet portallarda Rəsul Quliyevin Rusiya prezidenti ilə görüş istədiyi və bu görüşün milyonçu-professor İlham Rəhimli tərəfindən təşkil olunacağı barədə məlumat yayılıb.
X.SƏFƏROĞLU