Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyəti (“AzərRoss”) və Rusiya Erməniləri İttifaqının Moskvada “Rusiyanın Azərbaycan və erməni diasporu: millətlərarası dialoq” mövzusunda keçirdiyi dəyirmi masada SSRİ xalq artisti Armen Ciqarxanyan münaqişənin həlli üçün “məscid və kilsənin mühüm rol oynayacığını” bildirib və hər iki tərəfin din xadimlərini barışıq üçün ortaya iradə qoymağa çağırıb.
“Dini Etiqad və Vicdan Azadlığının Müdafiə Mərkəzi”nin (DEVAMM) rəhbəri, “İçərişəhər Cümə” məscidinin keçmiş imamı, tanınmış teoloq İlqar İbrahimoğlu Modern.az-a açıqlamasında A.Ciqarxanyanın təklifinə münasibət bildirib.
İ. İbrahimoğlunun sözlərinə görə, ilk olaraq Qarabağ münaqişəsinin mahiyyətini yada salmaq lazımdır. Daha sonra, bu münaqişədə "xalq diplomatiyası"nın rolundan və bu diplomatiyada dinin nə kimi rol tutacağı müzakirə edilə bilər.
“Qarabağ problemi - iki qonşunun incikliyi, umu-küsü mövzusu deyil. Belə olsaydı, cənab Ciqarxanyanın dediklərinə uyğun müstəvidə addımların atılıb-atılmayacağı hazırkı mərhələdə müzakirə edilə bilərdi. Amma vəziyyət qətiyyən belə deyil. Ortada işğal faktı var. Bir tərəfdə işğalçı, digər tərəfdə işğala məruz qalan durur. Belə olan halda, barışıqdan danışmaq - ən azı vaxtından tezdir. Öncə işğalçı qoşunlar torpaqlarımızdan çıxmalı, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Yalnız bundan sonra barışığın formatları üzərində düşünmək, müzakirələr aparmaq olar. Əks təqdirdə, bu ona bənzəyər ki, biz qanuni haqqımızdan keçib, artıq işğalla barışmışıq”-deyə İ.İbrahimoğlu deyib.
DEVAMM sədri erməni kinoaktyorunu münaqişə ilə bağlı həmişə mövqeyinin fərqləndiyini vurğulayıb.
“Armen Ciqarxanyanyan erməni əsilli çox nadir tanınmışlardandır ki, bütün bu illər ərzində konstruktiv mövqeyilə fərqlənib. Zori balayanların, Silva kaputikyanların, Abel aqambekyanların və bir çox digər daşnak təfəkkürlü "ziyalı"ların fonunda bu cür fərqli mövqe göstərmək və bunu illər boyu təsbit etmək - təqdirəlayiq haldır. Əfsus ki, bu kimi aydınlar qarşı tərəfdə nəinki azlıqdadır, əslində istisna təşkil edir”-deyə İ.İbrahimoğlu bildirib.
Qeyd edək ki, Azərbaycan ictimai-siyasi mühitində ciddi rezonas doğurmuş bu görüşə Rusiyada bir sıra tanınmış azərbaycanlılar qatılıb. Dəyirmi masada “Azərros”un rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin şef-redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və digərləri iştirak edib.
Mail Ağaxanov