Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib. Yığıncaqda Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mais Gülalıyev (Yaşıllar Partiyası), Fuad Əliyev (ALDP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (İslam Demokratik Partiyası), Valeh Mirzəyev (Xalq Azadlıq Partiyası iştirak ediblər.
AMİP Qərargahında Yusif Bağırzadənin sədrliyi ilə keçirilən iclasda 3 noyabr tarixində keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı edilmiş müraciətə Bakı şəhər İH tərəfindən verilmiş cavab müzakirə edilib.
Məlum olduğu kimi Bakı şəhər İcra Hakimiyyəti DQMM-ə ünvanladığı cavabda mitinqin keçirilməsi üçün müraciət olunmuş ünvanlardan heç birində mitinqin keçirilməsi məqbul hesab edilməyib və 20-ci sahədə mitinqin keçirilməsinə şərait yaradılacağı bildirilib.
Bununla bağlı məsələni müzakirə edən DQMM 20-ci sahədə mitinqin keçirilməsini məqbul hesab etməmiş və 7 noyabr tarixində Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında “Sərbəst toplaşmaq azadlığı”nın məhdudlaşdırılmasına etiraz olaraq piketin keçirilməsi, eləcə də 10 noyabr tarixində yenidən eyni ünvanlarda və eyni tələblərlə mitinqin keçirilməsi üçün Bakı Şəhər İH-ə müraciət olunması haqqında qərar qəbul edilib.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə verilməsi ilə bağlı da qərar qəbul olunub.
Daha sonra ATƏT, AŞ, AB, BMT və digər beynəlxalq təşkilatlara, bu təşkilatlara üzv olan dövlətlərin Azərbaycan Respublikasındakı səfirlərinə və nümayəndələrinə müraciət qəbul olunub.
Modern.az