AYB sədri Anar dünən keçirilən mətbuat konfransında “Qarabağ”la bağlı çəkilən yeni filmlər haqqında fikrini bildirib. Yazıçı “ANS-in prezidenti Vahid Mustafayevin “Xoca” və “Dolu” filmini çox bəyəndim. Hər iki film səviyyə baxımından cəmiyyətə nəsə deyə bilir”, – deyib. Yazıçılar Birliyinin sədrinin bu fikrinə rejissor, ssenarist Eldəniz Quliyev təəssüf edib və “Xoca” filmini də tənqid edib.
“Dolu” filminin ssenari müəllifi, deputat Aqil Abbas məsələ ilə bağlı Modern.az- açıqlamasında bildirib ki, hamı nədənsə birdən-birə Azərbaycanın Hollivud filmləri çəkməsini istəyir, amma bunun hansı maliyyə ilə edilməsini fikirləşən yoxdur. Deputatın sözlərinə görə, “Xoca” filmi hər halda irəliyə doğru atılmış bir addım və uğurlu filmdir.
“Bu filmlə bağlı mətbuat və tədbirlər xüsusilə qeyd etmişəm ki, belə filmlərə ehtiyacımız var. İndi hər kəsin öz subyektiv və obyektiv fikri ola bilər. Bu başqa məsələdir. Eldəniz Quliyevə böyük hörmətim var, amma deyəndə ki “Xoca” ümumiyyətlə film deyil, bu söz yerində olmur. Amma E. Quliyev kinoşünasdır, mütəxəssisdir və bu baxımdan filmi təhlil edə bilərdi, orada nəyin çatıb-çatmadığını deyə bilərdi. Bu baxımdan gələcəkdə də filmləri çəkəndə, həmin nöqsanlar aradan qaldırıla bilərdi”.
Deputat-yazar Qarabağ haqqında çəkilən filmlərdən hansının dünya miqyasına çıxmasına layiq və mümkünlüyü ilə bağlı da fikirlərini bölüşüb: “Yalan” və “Arxada qalmış gələcək” filmləri çox gözəldir. “Arxada qalmış gələcək” filmində Fuad Poladov baş rolda oynayır. Çox xoşuma gələn filmdir və dəfələrlə ona baxaram. “Fəryad” filmi kimi gözəl bir filmimiz də var. Bundan başqa, “Biz qayıdacağıq” filmi də yaxşıdır. Orada bir uşağın həyat faciəsi və qaçqın həyatı gözəl təqdim olunub. Amma hamı istəyir ki, çox yüksək filmlər çəkilsin. Getdikcə daha mükəmməl filmlər ortaya çıxsın. Ona görə də hələ gözləyirik ki, Qarabağla bağlı gözəl filmlər çəkiləcək”.
Anar Kəlbiyev