Xəzər rayonunun Mərdəkan və Polşa Respublikasının Pruşkov rayonunun Nadajn qəsəbələrinin qardaşlaşması məqsədi ilə 21-27 iyun 2012-ci il tarixlərində Azərbaycandan nümayəndə heyətinin Polşaya, 27-30 iyul 2012-ci il tarixlərində isə Polşa nümayəndə heyətinin Azərbaycana səfərləri olmuşdu.
Qarşılıqlı səfərlərin nəticəsi olaraq 28 oktyabr – 3 noyabr 2012-ci il tarixlərində Xəzər rayonundan 7 nəfər nümayəndə heyəti Polşanın Nadajn qəsəbəsində olublar. Bu barədə Modern.az-a Xəzər rayon İcra Hakimiyyətindən məlumat verilib
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər proqramı çərçivəsində Xəzər rayonu ilə Nadajn qəsəbəsinin qardaşlıq əlaqələrinin yaradılması ilə bağlı iki tərəfli saziş imzalayıb, Polşa – Azərbaycan diplomatik əlaqələrinin yaradılmasının 540 illiyi və bərpasının 20 illiyi ilə əlaqədar Nadajn qəsəbə gimnaziyasının qarşısında möhtəşəm dostluq abidəsinin açılışı olub.
30 oktyabr tarixində Nadajn Bələdiyyəsinin geniş tərkibli yığıncağı keçirilib. Yığıncaqda Xəzər rayonu ilə Nadajn qəsəbəsinin iki tərəfli əməkdaşlıq sazişi imzalanıb. Azərbaycan tərəfindən sazişi Xəzər RİH-nin başçısı Gülağa İslamov, Nadajn qəsəbəsindən isə mer Yanuş Qjib imzalayıblar. Sazişdə elm, təhsil, mədəniyyət, idman və s. sahələrində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib. Eyni zamanda tədbirdə səfirlik tərəfindən “Polşa-Azərbaycan əlaqələrinin inkişafındakı göstərdiyi xidmətə görə” təsis edilmiş medal Xəzər RİH-nin başçısı Gülağa İslamov, Nadajn Qəsəbəsinin meri Yanuş Qjib və Nadajn gimnaziyasının müəllimi, Azərbaycanda doğulan, əslən polyak olan xanım Lilyaya təqdim edilib. Tədbirdə Gimnaziyanın şagirdləri Səməd Vurğunun “Azərbaycan” şerini, Azərbaycan dilində xorda ifa ediblər. Sonda gimnaziyanın qarşısında Polşa-Azərbaycan diplomatik əlaqələrinin 540 və bərpasının 20 illiyi ilə əlaqədar ucaldılmış abidənin açılışı olub.


Modern.az