Milli Məclisin 20-yə yaxın üzvü, o cümlədən deputatlar Hadi Rəcəbli, Eldar İbrahimov, Siyavuş Novruzov, Hüseynbala Mirələmov, Adil Əliyev, Fəzail Ağamalı, Mübariz Qurbanlı, Xanhüseyn Kazımlı və digərləri REAL Hərəkatının sədri İlqar Məmmədovu məhkəməyə verəcəklər.
Buna səbəb İ.Məmmədovun Milli Məclisi “zoopark” adlandırmasıdır.
Maraqlıdır, İ.Məmmədov məhkəmədən sovuşmaq üçün üzr istəmək haqda düşünürmü?
REAL Hərəkatının sədri İlqar Məmmədov Modern.az-a açıqlamasında deputatlara yenə meydan oxuyub. Deyib ki, millət vəkilləri hələki onu məhkəməyə verməyiblər. Odur ki, bu barədə danışmaq tezdir:
“Xəbərlərdən oxuduğuma görə, hələ məni məhkəməyə verməyiblər. Deyiblər ki, məhkəməyə verəcəklər. Nə olsun ki, deyiblər. Qoy məhkəməyə versinlər, sonra bu barədə danışacam”.
Qeyd edək ki, İlqar Məmmədov öz bloqunda parlamenti barədə belə status yazıb:
“Mən Azərbaycan parlamentini bu yazı ilə təhqir edirəm. Yaxşı edirəm. Çünki Azərbaycan parlamenti böyük əksəriyyəti fırıldaq adamların toplaşdığı bir zooparkdır. Orta əsrlərdə hər şah öz yanında bir zoopark saxlayarmış, bu da o növdəndir”.
Gültəkin Ələsgər