Obama Qarabağ probleminin həllinə əlverişli şərait yaradacaq
ABŞ-da keçirilən tarixi seçkilərdə Barak Obamanın respublikaçı Mitt Romniyə qalib gələrək növbəti dəfə prezident seçilməsi Azərbaycanda da birmənalı qarşılanmadı. Bir çox ekspertlər Obamanın 4 illik fəaliyyətini ölkəmiz üçün uğursuz hesab etsə də, ABŞ-ın növbəti dörd ildə Azərbaycan üçün faydalı olacağını düşünənlər də az deyil. Bəs, reallıq necədir? Obama növbəti dörd ildə Azərbaycanla münasibətləri dəyişəcəkmi və yaxud da Qarabağ münaqişəsinin həllində ondan mühüm irəliləyiş gözləmək olarmı?
Tanınmış politoloq Qalib Hüseynli Modern.az-ın əməkdaşının bu və ya digər suallarını şərh edib. Q.Hüseynli demokratların qələbəsini təqdirəlayiq hal hesab edərək bildirib ki, Obamanın növbəti periodda prezident seçilməsini Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.
“Barak Obamanın yenidən prezident seçilməsi həm dünya üçün, həm də Azərbaycan üçün əhəmiyyətli bir hadisədir. Şahidi olmuşuq ki, respublikaçıların hakimiyyətə gəlməsi dünyada münasibətləri xeyli gərginləşdirən hadisələrdən olub. Obama geridə qalan 4 illik fəaliyyəti zamanı göstərdi ki, o, həm Türk dünyasında qarşı münasibətdə, ümumiyyətlə inkişaf etməkdə olan, müstəqilliyini yeni qazanmış ölkələrə qarşı kifayət qədər loyal münasibətlər sərgiləyib. Bu baxımdan geridə qalan 4 il ərzində Azərbaycanla ABŞ arasında qeydə alınan münasibətlərini tam qənaətbəxş hesab etmək olar”, - deyə politoloq şərh edib.
Q.Hüseynli daha sonra Obamanın qarşıdakı dörd illik strategiyasına toxunaraq bildirib ki, ABŞ prezidenti xarici siyasətində və eləcə də Cənubi Qafqaz bölgəsinə münasibətində dəyişiklik etməyəcək:
“Güman etmirəm ki, Obamanın xarici siyasətində ciddi dəyişikliklər edilsin. Debatda da görünürdü ki, o, xarici siyasətinin ana xəttini qoruyub saxlamaq niyyətindədir. Cənubi Qafqaza münasibətdə isə Obama çox ehtiyyatlıdır. O, bölgəyə enerji mənbələri və eyni zamanda enerji tranziti kimi baxır. Bu baxımdan Cənubi Qafqaz regionu Obama üçün mühüm əhəmiyyət kəsb edir”.
Obama növbəti dörd ildə Qarabağ münaqişəsinin həllində hansı addımlar atacaq?
Politoloqun fikrincə, Obamanın bundan sonrakı dönəmində Dağlıq Qarabağ münaqişəsinin həlli daha əlverişli olacaq.
“ABŞ-ın Qarabağ münaqişəsinin həllinə gəlincə, Obama bildiyimiz kimi dəfələrlə bu istiqamətdə təşəbbüs göstərib. Doğrudur, ABŞ Qarabağ məsələsində fəal olmasa da, amma hər halda onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münaqişəni hər zaman beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarı olduqlarını nümayiş etdiriblər. Güman edirəm ki, Obama ilə yaxın dörd ildə işləmək Azərbaycan üçün çətin olmayacaq və Dağlıq Qarabağ probleminin həllində onunla işləmək daha əlverişli olacaq”, -deyə politoloq vurğulayıb.
Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri artıq məlumdur. Barak Obama bu dəfə də respublikaçılara qalib gələrək növbəti dəfə ABŞ prezidenti seçildi.
Anar RÜSTƏMOV