Baş Prokurorluq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı yeni həbslər barədə rəsmi məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Modern.az-a verdiyi məlumatda bildirilib ki, E.Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Həmin iş üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır”-deyə açıqlamada qeyd olunub.
Baş Prokurorluq bəyan edib ki, istintaqın gedişi barədə ictimayyətə əlavə açıqlama veriləcək.
Modern.az