“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirir.
“Azərsu”dan Modern.az-a bildirilib ki, cari ilin may ayından Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin xidmət göstərdiyi ərazilərdə belə sayğacların quraşdırılmasına başlanılıb. İlkin mərhələdə smart-kart tipli sayğaclar su sərfiyyatı böyük olan yerlərdə, əsasən qeyri-əhali qrupu abunəçiləri üzrə quraşdırılırdısa, artıq oktyabr ayından başlayaraq əhali abunəçiləri üçün də belə sayğaclar quraşdırılır. Ötən bir ay ərzində Bakı şəhərində 1300-dən artıq əhali abunəçisi smart-kart tipli sayğaclarla təmin olunub. Bununla paralel olaraq qeyri-əhali qrupu abunəçilərə də yeni sayğacların quraşdırılması sürətləndirilib.
Ümumilikdə ilin əvvəlindən indiyədək 9400-dən artıq qeyri-əhali qrupu abunəçisi smart-kart sayğacları ilə təmin olunub. Bununla da smart-kart sayğaclarından istifadə edən abunəçilərin sayı 10700-ü ötüb.
Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.
Cari ilin iyunun 20-də Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı kommunal sektorda smart-kart tipli sayğacların quraşdırılmasının uğurlu nəticələr verdiyini xatırladaraq, su təchizatı sektorunda smart-kart tipli su sayğaclarının quraşdırılmasının sürətləndirilməsi barədə tapşırıqlar verib.