BBC-nin baş direktoru George Entwistle Newsnight proqramının ötən həftəki buraxılışından sonra Britaniyada qızışmaqda olan qalmaqal fonunda istefa verib.
Proqramda şimali Uels uşaq evlərində uşaqlara qarşı cinsi təhqir halları araşdırılıb və bu, yanlışlıqla, siyasətçi Lord McAlpine-nin pedofiliyada iştirakda ittiham olunması ilə nəticələnib.
Modern.az "BBC Azərbaycanca"ya istinaədn bildirir ki, George Entwistle Lord McAlpine-dən üzr istəyib və verilişi efirə getməzdən əvvəl izləmədiyini deyib.
"Baş direktor həm də baş redaktor olduğu üçün, eləcə də, nəticədə, bütün proqramların hazırlanmasına cavadehlik daşıdığı üçün, noyabrın 2-də yayımlanmış Newsnight proqramında tətbiq edilən qəbuledilməz jurnalistika standartlarını nəzərə alaraq, baş direktor vəzifəsindən istefamı bir şərəf məsələsi sayıram" – cənab Entwistle istefası haqda bəyanatında deyib.
Newsnight proqramında 1970-80-ci illərdə şimali Uelsdəki uşaq evlərində uşaqlara qarşı cinsi təhqirlər haqqında danışılıb.
Bu barədə uşaq evinin keçmiş baş tərbiyəçisi danışıb və cinsi təhqir edənlərdən birinin Mühafizəkarlar partiyasından yüksək rütbəli siyasətçi olduğunu bildirib, amma onun adını çəkməyib.
Verilişdə adı çəkilməsə də, Lord McAlpine-nin sözü gedən cinayətkar olduğu barədə internetdə yanlış məlumatlar yayılıb.
İstefa verməzdən əvvəl Entwistle məsələ ilə bağlı daxili araşdırmaya başlanmasına göstəriş vermişdi.
Cənab Entwistle sentyabrın 17-də baş direktor vəzifəsinə gəlmişdi. Qəfil istefası onu BBC tarixinə ən qısa müddət ərzində xidmət göstərən baş direktor kimi salacaq.
Baş direktor vəzifəsini müvəqqəti olaraq BBC Worldwide rəhbəri Tim Davie icra edəcək.
Oktyabr ayında Newsnight proqramı daha bir qalmaqalın mövzusu olub. Verilişin redaktoru Peter Rippon-un teleaparıcı Jimmy
Saville-in həyatı haqda reportajı proqramdan çıxardığı aşkar olunub.
Proqram ötən ilin sonunda, Saville öldükdən sonra efirə getməli idi.
Polisin məlumatına görə, Britaniyanın əyləncə dünyasında nüfuzlu fiqurlardan biri olmuş Jimmy Saville 300-dən artıq cinsi zorakılıq hallarında iştirak etmiş hesab olunur.