Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili, Böyük Qurtuluş Partiyasının (BQP) başqanı Fazil Mustafa regionlara ayrılan pullarla bağlı məsələlərə toxunub. Modern.az xəbər verir ki, o regionlara ayrılan tikinti sahəsindəki vəsaitlərdə problemlərin varlığını qabardıb. “Tikililərlə bağlı məsələlərin məbləği açıqlanmır. Regionlarada tikinti üçün ayrılan pulların yeni tikinti üçün ya yarımçıq tikinti üçün ayrılması ilə bağlı deputatlara məlumat verilmir. Baxmayaraq ki, büdcəyə nəzarət etmək Milli Məclisin səlahiyyətindədir”, – deyə millət vəkili bildirib. Bundan başqa, F.Mustafa təklif edib ki, regionlarla bağlı siyasətdə ciddi dəyişikliklər edilsin.
Daha sonra millət vəkili əhalinin mənzil probleminə də toxunub və bu problemləri aradan qaldırmağa çağırıb. F. Mustafa bunun üçün mənzil fondunun yaradılmasını təklif edib və bildirib ki, tikilən binalarda sahibkarlardan hər binadan 10 mənzil alıb vətəndaşlara vermək lazımdır.
Millət vəkili şəhərdəki hasarlamalara da öz etirazını bildirib. O deyib ki, prezident özü şəhərdəki yol boyu hasarlanmanın əleyhinə çıxıb və bunun sökülməsini tapşırıb. “Olmazmı ki, bu hasarların çəkilməsinə çəkilən xərcləri müəllimlərin, həkimlərin əmək haqlarının və digər sosial məsələlərin artırılmasına yönəldək. Biz Azərbaycanın belə problemlərini hasarların arxasında gizlətməyi dəf edirik”.
F. Mustafa siyasi partiyaların maliyyələşməsi məsələsinə də toxunaraq bildirib ki, bu məsələ də müəyyən dəyişikliklər edilməlidir. O bildirib ki, partiyaların hesabına köçürülən məbləğ artırılmalıdır.
Modern.az