Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda “Dini və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda respublika konfransı keçirilib. Modern.az xəbər verir ki, konfransda İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, deputat Aytən Mustafayeva bildirib ki, Azərbaycanda yüzlərlə təriqət qeydə alınıb. “Onların arasında millətin genefonduna, ölkəmizin milli maraqlarına zidd olan təriqətlər də az deyil. Maddi imkanlara sahib olan dini təriqətlər fərdi şəxslərə humanitar yardım göstərmək adı ilə əsasən gənclərə arxayın olaraq, Azərbaycan vətəndaşlarını cəlb etmək üçün aktiv iş görürlər”. A. Mustafayeva bildirib ki, bu, Azərbaycanın maraqlarına, genefonduna ciddi təhlükədir. Onun sözlərinə görə, din adı altında bu cür təşkilatların, xarici nümayəndəliklərin vəziyyətini müəyyən edən ictimai siyasi, iqtisadi və digər məlumatları toplamağa imkan verən strukturlar yaradırlar. Ona görə də Milli Təhlükəsizlik haqqında Azərbaycan Doktrinası destruktiv qüvvələr və xarici missionerlərə potensial təhlükə kimi xüsusi diqqət yetirməlidir.
Deputat bu təhlükələri nəzərə alaraq, dini təriqətlərin qeydiyyat qaydalarını sərtləşdirmək və fəaliyyətlərinə ciddi yanaşmağın zəruriliyini vurğulayıb.
Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov cəmiyyətin inkişaf meyarı olan vicdan azadlığının rolundan danışıb. Komitə sədri bildirib ki, müasir qloballaşan dünyada baş verən mürəkkəb siyasi kataklizmlər, etnik dini münaqişələr, aqressiv seperatçılıq və dini ekstremizm, terrorizm ciddi problem olaraq qalmaqdadır. E. İsgəndərov bildirib ki, bu baxımdan dinin insanın nəzəriyyəsində, əxlaqında ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru mənzərəyə yönəldilməsi bilavasitə cəmiyyət həyatında din azadlığının meyarlarının düzgün müəyyənləşdirilməsindən asılıdır.
Mail Ağaxanov