Bu gün AMEA-nın İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, ictimai, siyasi və ictimai aspektlər” mövzusunda beynəlxalq tərkibli respublika konfransı keçirilib. Modern.az xəbər verir ki, konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, bu gün Bakı İslam Universitetində (BİU) Bolqarıstandan, Türkiyədən, Gürcüstandan və s. ölkələrdən tələbələr oxuyur.
“Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birlikdə istəyirik ki, gələcəkdə xaricilər üçündə oxumağa şərait yaradaq. Hesab edirəm ki, getdiyimiz yol düzgün yoldur. Fəqət bu yolda bəzi maneələr, çətinliklər var”.
QMİ sədri bildirib: “33 ildir şeyxülislamam, “vicdan azadlığı, “dini azadlığı” adlı anlayışların nə olduğunu bilmirəm. “Vicdan azadlığı” ifadəsinin mənasını özüm üçün tam ayırd edə bilmirəm. Nəyə görə? Çünki hər bir insanın özündə bir əqidə var. Ona ad qoymaq çox çətindir, vicdanın özünün bunu bilməsi də çox çətindir. Ona görə bəzən çox heyfslənirəm ki, xaricdə oturaraq, xaricdə fikirləşən fikir sahibləri və hətta dövlət rəhbərləri qərar qəbul edərkən Azərbaycanda baş verən hadisələri, yaxud da başqa bir dövlətdə baş verən hadisələri öz dövlətinin qanunlarına uyğun şəkildə düzgün hesab etmirlər. Hər bir millətin öz adət-ənənəsi var. Həmin dövlət də öz adət-ənənəsinə uyğun hərəkət etməli, iş görməlidir. Çünki bu vacib bir məsələdir”.
A. Paşazadə qeyd edib ki, bu günlər vicdan azadlığı deyəndə o demək deyil ki, “vicdan azadlığı”nın sərhədi yoxdur. “Dünyada hər bir şeyin bir sərhədi var. Hər şeyin bir sərhədi, həddi olduğu kimi, “dini azadlığ”ın, “vicdan azadlığ”ın da bir həddi var. Ona görə də bu hədləri keçəndə insan hüquqları pozulur. Azərbaycanda rəhbərlik etdiyim dövrlərdə, xüsusən müstəqillik dövründə çoxlu dəyişiklik, irəliləyiş görürəm. Hesab edirəm ki, Azərbaycan bütün dünya üçün tolerantlıq nümunəsi ola bilər. Hətta bunu bəzi dövlətlər də qəbul edirlər”.
Şeyxülislam bildirib ki, Azərbaycan xalqı və dövləti başqa dinlərə həmişə ehtiramla yanaşıb.
Mail Ağaxanov