“Bir nəfərin qanunsuz əməlinə görə, parlamentin üzərinə gəlmək ədalətsizlikdir”. Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərinə qədər parlamentin buraxılması ilə bağlı təklifini Modern.az-a şərh edərkən bildirib.
Deputatın sözlərinə görə, Gülər Əhmədovanın qanunsuz əməlindən sonra parlamentə qarşı müxalifətin təzyiq göstərməsi yalnışdır.
“Parlamentin buraxılmasına heç bir ehtiyac yoxdur. Hesab edirəm ki, bu, həyata keçirilməsi mümkün olmayan təklifdir. Bir hadisədən, bir nəfərin qanunsuz addımından istifadə edərək parlamentin üzərinə bu qədər gəlməyin özü də çox böyük ədalətsizlikdir. Yanaşmanın arxasında ciddi qərəzlər dayanıb. Milli Məclisin üzvləri Azərbaycan xalqı tərəfindən seçilən millət vəkilləridir. Bu gün deputatlarımız öz üzərinələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər”, -deyə partiya sədri münasibət bildirib.
F.Ağamalı daha sonra parlamentin buraxılmasını tələb edən Müsavat başqanına prezident seçkilərinə ciddi şəkildə hazırlaşmağı tövsiyyə edib.
“Bu baxımdan mən parlamentin buraxılması kimi təklifləri yersiz hesab edirəm və düşünürəm ki, bu cür müzakirələrə ehtiyac da yoxdur. Qarşıdan gələn ildə İsa Qəmbər də, bütün iddiaçılar da prezident seçkilərinə hazırlaşmalıdırlar”.
Anar RÜSTƏMOV