“Bu, insanların hüquq və azadlıqlarının pozulmasına gətirib çıxara bilən bir addımdır”.
Bu sözləri Modern.az saytına açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa siyasi partiyalarla bağlı qanuna əlavə və dəyişiklik təklifinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, mövcud qanunvericilikdə qanunların pozulmasına görə cəza tədbirlərini nəzərdə tutan maddələr kifayət qədərdir.
“Əgər insanları hansısa qeyri - qanuni hərəkətlər etməyə məcbur etmə halları varsa, istər İnzibati Xətalar Məcəlləsində, istərsə Cinayət Məcəlləsində cəza mexanizmləri nəzərdə tutulub. Amma bu təklifləri konkret siyasi partiyalarla bağlamaq isə tamamilə yanlışdır. Əgər hər hansı bir məcburiyyət faktoru varsa, bunu başqa şəkildə müzakirə etmək olardı”. Bu qərarın ölkədə siyasi münasibətlərin gərginləşməsinə yönəlik qərar olduğunu vurğulayan millət vəkili beynəlxalq konvensiyaların müddəalarının da pozulduğunu bildirib. Həmçinin bu əlavə və dəyişiklərin qəbul olunacağı təqdirdə təkcə müxalifət partiyalarının deyil, hakim partiyanın da bundan yararlanmayacağını qeyd edib.
“Bu məsələyə birtərəfli baxmaq lazım deyil. Təkcə müxalifət partiyaları bu qərardan zərər çəkməyəcəklər. Məsələn, müxalifət partiyalarında məcburiyyət daha azdır, amma YAP-da bunun əksidir. İnsanlar işlədikləri yerdən məcburi şəkildə partiyaya üzv olurlar. Ümumilikdə, çox mənasız və məntiqsiz dəyişiklikdir”-deyə deputat bildirib.
Aqşin Kərimov