Modern.az

“Onu heç kim əvəz edə bilməz” -Həmkarları Yaşar Nuri haqda...

“Onu heç kim əvəz edə bilməz” -Həmkarları Yaşar Nuri haqda...

22 Noyabr 2012, 15:13


Xəbər verdiyimiz kimi, hazırda Akademik Milli Dram Teatrında Xalq artisti Yaşar Nuri ilə vida mərasimi keçirilir. Aktyorun sənət dostları Modern.az-la öz kədərlərini bölüşüblər.

Xalq artisti Habil Əliyev bildirib ki, Y. Nuri onu bu qədər sevən insanların gözünü yaşlı qoydu: “Yaşar gözəl sənətkarımız idi, həm də gözəl insan idi. Yaşarın getməsi mədəniyyətimizə çox təsir etdi. Yaşar getməklə mənim ölüm növbəmi əlimdən aldı. Gərək Yaşar yaşayaydı. O, yaşamalı Yaşar idi. Şeyx Sədinin belə bir deyimi var ki, Allahın elə işlərini bilirəm ki, desəm qan düşər. Onun elə biri də budur. Yaşarın getməsi bütünü xalqa təsir etdi. Çünki o, bütün xalqın sevimlisi idi”.

Xalq artisti Amaliya Pənahova qeyd edib ki, onlar bir çox tamaşalarda, filmlərlə tərəf müqabili olublar. “Yaşar deyəndə gözümün önünə onun gözəl obrazları gəlir. İstər komik, istər dramatik obrazlar. Tərəf müqabili kimi həmişə ondan razı qalmışam. O, səhnədə nə qədər gülüşə yol verirdisə, tamaşaları bu gülüşlə öz dərdlərindən yayındıra bilirdisə, həyatda bir o qədər də ciddi idi. Amma onun özünün qəlbi problemlərlə dolu idi. Həyatdır, o bu dünyadan köçsə də, onun sənəti daim yaşayacaq. Nəsillər dəyişsə də, hər zaman onu yada salacaqlar. Allah rəhmət eləsin”, – deyə A. Pənahova əlavə edib.

Xalq artisti Ramiz Əzizbəylinin sözlərinə görə, Yaşar Nuri həyatda öz sözünü demiş insandır. Aktyor bildirib ki, vay o adamın halına ki, onun söyləməyə sözü olmasın, vay o adamın halına ki, haqında bir kəlmə söyləyən olmasın. “Amma Yaşar həyatda öz sözünü deyib. Yaşar bəxtəvər idi, amma yaşamalı idi. Biz həmişə onun üçün deyirdik ki, həmişə yaşar Yaşar. Ölüm haqdır. Hər doğulan bir gün bu körpüdən keçməlidir”.

Xalq artisti, Yaşar Nurinin ən yaxın dostlarından biri Firəngiz Mütəllimova onun qarşısında baş əydiyini söyləyib: “O çox gözəl sənətkar idi. Mən onun qarşısında baş əyirəm. Onu heç kim heç vaxt əvəz edə bilməz”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama