Modern.az

Erməni Bakıda meydan oxudu, YAP-çı deputatlar ona sərt cavab verdi

Erməni Bakıda meydan oxudu, YAP-çı deputatlar ona sərt cavab verdi

22 Noyabr 2012, 15:25

Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransında iştirak edən Ermənistan İrs Partiyasının sədri Raffi Ovanissyanını səsləndirdiyi yersiz iradlara münasibət bildirib. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, vitse-spiker bildirib ki, beynəlxalq hüquq prinsiplərini ayaq altına alıb tapdayan, təcavüzkarlığı dövlət siyasəti çərçivəsində normal hesab edən Ermənistan kimi bir ölkənin özündə iradə tapıb işğalçılığını etiraf etməsi daha yaxşı olar.

B.Muradovanın sözlərinə görə, ermənilər boynuna almalıydı ki, qonşu dövlət olan Azərbaycanın torpaqlarının bir hissəsini işğal altında saxlayırlar:

“Bunun nəticəsində isə bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bütün bunları törədən Ermənistan etiraf etmək istəmir və hətta özündə güc tapıb başqaları ilə necə hərəkət etməyi tövsiyə də edir. Bu, Ermənistanın öz işidir. Amma Azərbaycanın qətiyyətli mövqeyi var. Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradıla bilməz və ölkə heç bir zaman torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq. Məhz beynəlxalq hüquqa söykənərək öz vətəndaşlarının təhlükəsizliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün lazımi addımlar atacaq”.

B.Muradova həmçinin Ermənistan tərəfinin bu kimi fikirlərinin Azərbaycanda ictimai rəyə hər hansı bir təsir göstərmək iqtidarında olmadığını söyləyib: “Çünki Ermənistanın işğalçı olduğunu BMT-nin 4 qətnaməsi, ATƏT-in qəbul etdiyi sənədlər və Minsk Qrupunun bəyanatları bir daha göstərir”.

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov da Raffi Ovanissyanın fikirlərinə mövqeyibi bildirib. Əli Əhmədov qeyd edib ki, onun sözləri beynəlxalq aləmin mövcud məsələlərlə qəbul etdiyi baxışları çərçivəsinə qətiyyən sığmır:

 “Ermənistanın keçmiş xarici işlər nazirinin nə deməsindən asılı olmayaraq istər BMT, istərsə Avropanın mühüm qurumları, istərsə beynəlxalq birlik, o cümlədən də münaqişənin nizama salınması ilə məşğul olan ATƏT və onun həmsədrləri Azərbaycanın torpaqlarının işğal olunması faktını dəfələrlə ifadə ediblər. Bundan əlavə, onlar Azərbaycanın ərazi bütövlüyün tanıdıqlarını açıq şəkildə bəyan ediblər. Mən hesab edirəm ki, bütün bunların hamısı Ermənistanın sabiq xarici işlər nazirinin səsləndirdiyi bu sərsəm bəyanatın tamamilə əsassız olduğunu təsdiqləyir”.

Qeyd edək ki, Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının işində iştirak edən Ermənistan İrs Partiyasının sədri Raffi Ovanissyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli fikirlər söyləyib, münaqişə ilə bağlı işğal terminindən istifadə etməyin düzgün olmadığını deyib.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama