Bu gün yazıçı-jurnalist Rafiq Tağının ölümündən 1 il ötür. Modern.az-ın məlumatına görə, yazar 2011-ci il noyabrın 19-da naməlum şəxslər tərəfindən evinin yaxınlığında bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan R.Tağı əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırmış, hücumun oğurluq motivli olduğuna inanmadığını, bıçaqlanmasını "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdi. Yazıçının 2006-cı ildə “Sənət qəzeti”ndə çıxan "Avropa və biz" məqaləsindən sonra iranlı ayətulla Fazil Lənkərani onun haqqında ölüm fətvası vermişdi.
Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu ayətulla Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq, qatil barəsində "İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını" yazdı.
Buna baxmayaraq, İran tərəfinin din xadimləri sonra Rafiq Tağının qətli ilə əlaqələrinin olmadığını bəyan etdilər.
Qeyd edək ki, Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib. Yazar olmaqla bərabər həm də tibb sahəsində çalışıb. Belə ki, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
Üç övlad atası idi.
Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan prezidentinin xüsusi nəzarətindədir.
Yazıçının ölümündən bir il keçsə də, hələlik qətlin üstü açılmayıb.
Anar Kəlbiyev