Avrasiya İslam Şurasının yekun bəyannaməsində Qarabağ münaqişəsi regionun ən qaynar nöqtələri ilə birgə yer aldı
Bu gün Türkiyənin İstanbul şəhərində "Ənənədən gələcəyə: Avrasiyada İslam üfüqü" adı altında Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı öz işini yekunlaşdırıb. DQİDK-nin mətbuat xidmıtindən Modern.az-a verilən məlumata görə, 30-dan artıq ölkənin 100-dən çox dini təsisatının rəhbərinin iştirak etdiyi Zirvə Toplantısında yekun bəyannamə qəbul edilib. Bəyannamənin müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun təklifi ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin pislənməsi yekun bəyannamənin 1-ci maddəsində öz əksini aşağıdakı kimi tapıb.
“Başda Orta Şərq, Suriya və Fələstində axıdılan müsəlman qanının tez bir zamanda dayandırılması və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalın dayandırılması üçün beynəlxalq aləmin üzərinə düşən insani vəzifənin yerinə yetirilməsi, dinindən və inancından asılı olmayaraq, əzəli, mənəvi dəyərlərin sahibi olduğunu düşünən bütün dini qurumlara bu məsələdə sülh və təhlükəsizliyin təmin olunması üçün səslənməyi özümüzə vəzifə olaraq görürük. Bu mövzudakı məsuliyyət təkcə siyasətçilərin deyil, eyni zamanda sağlam vicdana sahib olan hər kəsin üzərinə düşür. Bütün dünya ictimaiyyətini bu məsuliyyətdən irəli gələn addımları atmağa dəvət edirik. Həmçinin 21.11.2012-ci il tarixində Qəzzada əldə olunan atəşkəsin davamlı bir sülhə çevrilməsini diləyirik”.
Bununla bağlı AzərTac-a İstanbuldan ekskuliziv açıqlamasında Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, “Şura tərəfindən Avrasiya regionunun gündəmində olan Suriya və Fələstin kimi ən qaynar nöqtələrlə yanaşı, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı faktının qeyd edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avrasiya İslam Şurasının prioritetində olduğunu təsdiqləyir. Bundan başqa, bu məsələnin məsuliyyətinin təkcə siyasətçilərin deyil, ictimai vicdanın da üzərində olduğu bəyanatda öz əksini tapmışdır”.
Eyni zamanda, Şura dünya ictimaiyyətinə müraciət edərək, Dağlıq Qarabağ məsələsində təkcə Avrasiyanın müsəlman ölkələrinin dini liderlərinin deyil, digər ölkələrin və dinlərin liderlərinin də münaqişənin ədalətli həllinə çalışmalarının vacibliyini ortaya qoyub: “Nəzərə alınmalıdır ki, VIII Zirvə Toplantısında Şuranın daimi Beynəlxalq Katibliyinin yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Bu isə o deməkdir ki, yekun bəyannamənin 1-ci bəndində öz əksini tapmış Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qəbul edilmiş qərarın icrası üçün konkret işlər görüləcəkdir”.
Modern.az