Möhsün Pak Ayin: “Qəzzanın son qələbəsi 2008-ci ilin qələbəsinin təkrarıdır”
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin Fələstin müqavimət hərəkatının 8 günlük müharibədə İsrail üzərində qələbəsini 2008-ci ildə 22 günlük müharibədəki qələbənin təkrarı kimi səciyyələndirib.
Pak Ayin İranın dövlət teleradiosunun Bakıdakı müxbirinə verdiyi müsahibədə İsrailin Qəzzaya qarşı hücumunu beynəlxalq hüququn kobudcasına pozulması kimi dəyərləndirərək, bildirib ki, Fələstin müqavimət hərəkatının kəskin cavabı “saxtakarlıq əsasında qurulmuş sionist rejimini bir daha zillətə və məğlubiyyətə uğratdı”.
İmam Hüseyn(ə) və onun silahdaşlarının şəhadət günləri münasibətilə Azərbaycan Respublikasının müsəlman xalqına başsağlığı verərək, səfir əlavə edib ki, “Məhərrəm ayında sionist rejimin vəhşicəsinə hücumları və müdafiəsiz qadınları və uşaqları qətlə yetirməsi dünya müsəlmanlarının və azadlıqsevərlərinin ürəyini daha da ağrıtmışdır”.
Səfir həmçinin Israilin bu təcavüzünün Azərbaycan Respublikasının xalqı və bir çox siyasi partiyalar və təşkilatları tərəfindən pislənilməsini müsbət hal kimi dəyərləndirərək, Azərbaycan Respublikasının xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının Cibutidə keçirilən xarici işlər nazirlərinin şurasının iclasında İsrailin Qəzzaya təcavüzünə görə narahatlıq bildirməsini də xatırladıb.
Modern.az