“ZQAN Holdinq” şirkəti “Yeni Müsavat” qəzetinin məlum qalmaqalla bağlı “ZQAN Holdinq”in Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəməyəcəyi haqda qərarına münasibət açıqlayıb. Holdinqin hüquqşünası Ruslan Məmmədov Modern.az saytına bildirib ki, “Yeni Müsavat “ qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan bir müddət öncə onlara Anar Məmmədovdan üzr istəməmək şərti ilə şirkətlə bağlı geniş müsahibə verməyi təklif edib. Amma “ZQAN Holdinq”in Direktorlar Şurasının sədri Anar Məmmədov müsahibədən imtina edib və qəzetdən üzr istəməyi, təkzib verməyi tələb ediblər.
Ruslan Məmmədovun sözlərinə görə, qəzet yaydığı məlumatla bağlı əvvəl-axır üzr istəməyə məcbur olacaq.
“Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var ki, həm “Azadlıq”, həm də “Yeni Müsavat” qəzeti üzr istəməli, müəyyən məbləğdə cərimə ödəməlidirlər. Mən bu məsələ ilə bağlı Azər Ayxanla bir neçə dəfə danışmışam. Hətta bir dəfə də görüşmüşük. O, özü əvvəlcə təklif etmişdi ki, mümkünsə şəxsən Anar müəllimdən üzr istəsin, amma qəzeti buna məcbur etməyək. Həmçinin bizə təklif etmişdilər ki, Anar Məmmədovdan geniş müsahibə alsınlar, qəzet üzr istəməsin. Bu təkliflər bizi qane etmədiyindən məcbur olduq ki, məhkəmə qaydasında işi davam etdirək”, - deyə R.Məmmədov açıqlama verib.
Hüquqşünas daha sonra “Yeni Müsavat” qəzetinin Anar Məmmədova məxsus şirkətdən reklam istəməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, “Yeni Müsavat” Anar Məmmədovun səhmdar olduğu “Bank of Azerbaijan”a reklam üçün məktubla müraciət edib: “Bizə məktubları daxil olub. Onlar Anar müəllimin səhmdar olduğu “Bank of Azerbaijan”a məktub göndəriblər ki, gəlin əməkdaşlıq edək. Biz də müəyyən problemlərə görə, əməkdaşlıq haqda düşünməmişik. Bildirmişik ki, əməkdaşlıq yalnız o zaman ola bilər ki, siz bu böhtan xarakterli yazılarınızı təkzib edəsiniz. Onlar da buna getmədikəri üçün əməkdaşlıqdan imtina etmişik. İndi də təkzib verməkdən imtina edirlər. Onsuz da təkzib verəcəklər, bunsuz mümkün deyil. İnzibati cərimələr olacaq, burada cinayət məsuliyyəti nəzərdə tutulub. Özləri bilərlər...”.
“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan hüquqşünas Ruslan Məmmədov dediklərinin doğru olmadığını bildirib.
"Ruslan Məmmədovu mən ciddi adam kimi tanıyırdım. Amma o belə deyibsə, bu, tamamılə yalan və böhtandır. Bu onun yaşına, tutduğu vəzifəyə uyğun deyil. Təklif edirəm ki, daha keyfiyyətli yalan uydursun. Əgər biz onlara belə təklif etsəydik, elə onlara açıq şəkildə üzr istəyərdik. Hər halda ağlı başımızda olan adamlarıq, bilirik ki, bu üzrxahlığı gizli saxlamaq mümkün deyil. Bu məhkəmə tərəfindən rəsmiləşir və bu sənədlər sonunda mətbuata çıxacaq. Bizim də kifayət qədər təcrübəmiz var, ağlımız var. Niyə belə bir təklifdə bulunaq onlara? Sadəcə olaraq Ruslan Məmmədov düşdükləri, arzuolunmaz vəziyyətdən çıxmaq üçün, həm də yeni müttəfiqləri “Azadlıq” qəzetlərini arzuolunmaz vəziyyətdən çıxarmaq üçün başlayıblar yalan, böhtan danışmağa. Mən çox təəssüf edirəm. Ruslan Məmmədov bizim məhkəmədə çəkişdiyimiz tərəfin hüquqi nümayəndəsi olmasına baxmayaraq, onun şəxsiyyətinə mənim hörmətim, sayğım olub. Onu cəmi bir dəfə görümüşəm, amma bir neçə dəfə telefonla danışmışam. Bu adamın belə çıxış eləməsi mənim fikrimi çox ciddi şəkilə dəyişə bilər”.
Reklam məsələsinə gəlincə, A.Ayxan deyib ki, bunu da “Yeni Müsavat”ın əleyhinə dövriyyəyə buraxmağa çalışırlar.
“Ruslan Məmmədov “Azadlıq” qəzetinin redaktoru Şücəddin Şərifovla da görüşündə ona deyib ki, biz onlardan reklam istəmişik. “Yeni Müsavat” qəzeti iki ay bundan öncə bütün nazirliklərə, dövlət komitələrinə, idarə və müəssisələrə, banklara, şadlıq evlərinə, iri şirkətlərə reklam üçün müraciət edib. Bunların içində “ZQAN Holdinq” də, “Bank of Azerbaijan” da var. Bu o demək deyil ki, biz bunu ancaq “Bank of Azerbaijan”a etmişik. Hətta onlara müraciət etsək belə, burada qeyri-şəffaf bir şey yoxdur. Bu haqda mətbuatda da məlumat vermişik. Bunu etməkdə biz reklam şansımızı yoxlayırdıq. Həm də bununla Azərbaycan hakimiyyətinin "mətbuata reklam verilməsi siyasətinə qarışmırıq, hansısa şirkətə, biznes qrumuna mətbuata reklam verməklə bağlı heç bir təzyiq göstərmirik" kimi bəyanatlarını bir növ sınağa çəkdik və belə məlum oldu ki, həqiqətən də mətbuata reklam verilməməsinin arxasında hakimiyyətin iradəsi dayanır. Bizim reklam istəməyimiz ayıb deyil ki? Ayıb bizə reklam verməyən “Bank of Azerbaijan”adır, ayıb digər iri şirkətlərədir ki, mətbuata, ölkənin ən tirajlı qəzetinə, ən çox İP-i olan xəbər portalına reklam vermirlər. Ona görə də Ruslan Məmmədovun bu cür ucuz fikirlərə əl atması məndə təəssüf hissi oyadır".
Anar RÜSTƏMOV
P.S. Modern.az saytı mətbuata qarşı bütün növ təzyiqləri pisləyir və bu məsələdə hər zaman həmkarlarının yanında olduğunu bəyan edir.